Görkəmli pedaqoq, alim Əzizağa Quliyev dünyasını dəyişib

Görkəmli pedaqoq, alim Əzizağa Quliyev dünyasını dəyişib

Azərbaycan səhnə danışığı sənətinin banilərindən olan görkəmli pedaqoq, alim Əzizağa Quliyev dünyasını dəyişib.

Bu barədə Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov sosial şəbəkədəki hesabında yazıb.

"Əzizağa Quliyev Azərbaycan səhnə danışığının inkişafında çox böyük işlər görüb. Onlarla sənət adamının, aktyor və rejissorların yetişməsində əvəzsiz rol oynayıb", - M.Hətəmov qeyd edib.

Qeyd edək ki, Əzizağa Quliyev 1940-cı ildə doğulub. O, ömrünün 53 ilini ADMİU-da tələbələrə düzgün danışıq tərzi öyrətməklə məşğul olub. 1958-ci ildə orta məktəbi bitirib M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun kino və teatr aktyorluğu şöbəsində təhsil alıb. "Aktyor sənəti" üzrə müəllimi Xalq artisti Məhərrəm Haşımov, "Səhnə danışığı" müəllimləri isə Xalq artistləri Əli Zeynalov və Əjdər Sultanov olub.

1965-1968-ci illərdə o Moskvada səhnə danışığı ixtisası üzrə təhsilini mükəmməlləşdirir. Doğma ali məktəbə qayıdan ümumittifaq səviyyəli gənc mütəxəssis 1968-1990-cı illərdə baş müəllim, 1990-cı ildən etibarən isə dosent kimi biliklərini səylə tələblərinə öyrədir.

12 il (1989-2001) "Səhnə danışığı" kafedrasına rəhbərlik edib, görkəmli sənətkarlardan ibarət bir kollektiv formalaşdırıb, bu dövrdə beş il (1996-2001) professor vəzifəsində səmərəli elmi-pedoqoji fəaliyyət göstərib.

1969-cu ildən üzü bəri ölkənin nüfuzlu mətbuat orqanlarında, elmi-nəzəri məcmuələrdə Əzizağa müəllimin səhnə danışığı və aktyor sənətinə dair yüzdən artıq məqaləsi dərc olunub.

"Cebheinfo.az"