"Mərmər soyuğu” 16-cı Avrasiya Film Festivalında

“Mərmər soyuğu” bədii filmi XVI Avrasiya Film Festivalının beynəlxalq müsabiqə proqramına seçilib.
Cebhe.info xəbər verir ki, festival 12-18 dekabr tarixlərində Qazaxıstanın Almata şəhərində keçiriləcək.
Proqramda ümumilikdə 15 film iştirak edir.
Qeyd edək ki, rejissoru Asif Rüstəmov olan film bundan başqa "PÖFF Tallinn Black Nights” festivalında mükafat alıb. Filmdə rol alan Xalq artisti Qurban İsmayılov “Ən yaxşı aktyor” nominasiyasında qalib gəlib.
Film, həmçinin Hindistanın Qoa əyalətində keçirilən "IFFI Goa-53"-cü Hindistan Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramında da iştirak edib.
Xatırladaq ki, filmdə bir rəssamın sevgi hekayəsindən bəhs edilir. Uzun illər həbs həyatını yaşamış atanın evə qayıdışı və ən radikal yollarla oğlunun həyatını yoluna qoymağa çalışması filmin əsas süjet xəttini təşkil edir.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və niderladlı həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir.
Günay Şahmar
Cebhe.info