Azərbaycan, Türkiyə və Pakistan müttəfiqliyi yeni mərhələdə

"Türkiyə və Pakistan liderlərinin Azərbaycana gələrək həm Laçın Beynəlxalq Hava Limanının açılışında, həm də üçtərəfli Zirvə görüşündə birgə çıxış etmələri bütün dünyanın geosiyasi xəritəsində önəmli bir hadisə kimi qiymətləndirilməlidir".
Bunu "Cebheinfo.az" açıqlamasında millət vəkili Tural Gəncəliyev bildirib.
O qeyd edib ki, Türkiyə və Azərbaycan arasında olan qardaşlıq və müttəfiqlik münasibətlərinin güclənməsini hər zaman demişik.
“Bu gün artıq Pakistan da bu qardaşlıq və yaxınlıq münasibətlərinə qatılaraq yeni bir mərhələyə qədəm qoyub.Coğrafi baxımdan Pakistan birbaşa Türkiyə və Azərbaycana yaxın olmasa da, bu üç ölkənin bu qədər sıx və səmimi müttəfiqlik münasibətləri qurması dünyada nadir rast gəlinən bir haldır.
Bir tərəfdə Aralıq dənizi, Qara dəniz və Avrasiya regionunun Avropaya çıxış qapısında yerləşən güclü Türkiyə. Digər tərəfdə Qafqazlar, Xəzər dənizi və Qara dəniz bölgəsində strateji mövqeyə sahib, müharibədən sonra regionda güclü oyunçuya çevrilmiş Azərbaycan.
Nəhayət, Cənub-Şərqi Asiyanın ən güclü dövlətlərindən biri olan, Hind okeanına çıxışı və nüvə silahına malik yeganə müsəlman ölkəsi Pakistan. Son Hindistan–Pakistan gərginliyi də göstərdi ki, artıq Hindistanın əvvəlki illərdə olduğu kimi “Pakistanı istədiyimiz vaxt məğlub edərik” düşüncəsi keçərli deyil. Bu, həm dünyaya bir mesaj, həm də üç liderin Laçından verdiyi birlik bəyanatı ilə yeni bir geosiyasi reallığın ifadəsidir.
Tarixdə ilk dəfədir ki, Türkiyə və Pakistan kimi dünyanın güclü müsəlman dövlətlərinin liderləri Laçına gəlir. Bu, Laçının və Azərbaycanın ümumilikdə bölgədə yeni bir tranzit-kommunikasiya mərkəzinə çevrildiyinin sübutudur.
Bu reallıq həm də düşmənlərimizə, bizə qarşı hələ də məkirli niyyətlər bəsləyən dövlətlərə və siyasətçilərə bir xəbərdarlıqdır. Azərbaycanın regiondakı hegemonluğu artır və bu reallığı heç kim dəyişdirə bilməz.
Laçın Beynəlxalq Hava Limanının açılması, yaxınlıqda yerləşən Zəngəzur dəhlizinin açılmasına da bir mesajdır. Zəngəzur dəhlizinə qarşı çıxanlara da aydın xəbərdarlıqdır. Azərbaycan bu dəhlizin açılmasını istəyir və bölgədə tranzit-kommunikasiya xətlərinin tam funksional olmasının tərəfdarıdır. Bu isə təkcə Azərbaycanın deyil, bütün regionun və dünyanın maraqlarına xidmət edən layihədir".
Millət vəkili vurğulayıb ki, təkcə quru sərhədlər deyil, həmçinin hava nəqliyyatı da Laçın və Qarabağ üzərindən keçməklə inkişaf edir:
"Azərbaycan tranzit və kommunikasiyanı yalnız quru ilə deyil, hava yolları ilə də düşünür və inkişaf etdirməkdə qərarlıdır. Çünki məlumdur ki, istər Yaxın Şərqdə, istərsə də şimalda - Rusiya-Ukrayna hava məkanlarında təhlükəsizlik zəifdir. Bu baxımdan Zəngəzur dəhlizinin üzərindəki hava məkanının əhəmiyyəti də çox böyükdür.
Bu ittifaq – Türkiyə, Azərbaycan və Pakistan arasında formalaşan yeni bir geosiyasi müttəfiqlik modelidir. NATO üzvü olan, Avropaya çıxışı olan Türkiyə, Qafqazın əsas gücü olan Azərbaycan və Hind okeanına çıxışı ilə Cənub-Şərqi Asiyanın açarı sayılan Pakistan bu üçlükdə nə qədər yaxın və bir-birini tamamlayan ölkələr olduğunu bütün dünyaya göstərdi.
Bütün bunlarla yanaşı, bu ölkələrin ən böyük strateji tərəfdaşı olan Çinlə də artan münasibətləri nəzərə alsaq, artıq dünyada yeni bir güc mərkəzinin, alternativ bir ittifaq sisteminin formalaşdığını görürük.
Bu müttəfiqlik gələcəkdə həm NATO-ya, həm Avropa İttifaqına, həm də Türk Dövlətləri Təşkilatına yeni dinamika gətirəcək və onların güclənməsinə dəstək verəcək alternativ bir güc olacaq. Bu müttəfiqlik dünyanın geosiyasi xəritəsini və gündəmini dəyişə biləcək gücə malikdir".
Səbinə Uğur
"Cebheinfo.az"