Ukrayna dilemma qarşısında: Torpaqlar Rusiyaya veriləcək?

Ukrayna dilemma qarşısında: Torpaqlar Rusiyaya veriləcək?

“Rusiya işğal etdiyi Ukrayna torpaqlarının öz ərazisi kimi dünya tərəfindən tanınmasına çalışır”.

Bu sözləri Azad Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə müavini, siyasi ekspert Afiq Axundov “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Rusiyanın işğal etdiyi əraziləri legitimləşdirməsi beynəlxalq hüquqa uyğun deyil:

“Amma bunu dünyaya məcburi şəkildə tanıtdırmaq istəyir. Artıq Rusiya ilə ABŞ danışıqlarında belə bu məsələlər müzakirə olunub. Rusiya Prezidenti Vladimir Putin işğal etdikləri əraziləri tərk etməmək qarşılığında atəşkəs və sülh müqaviləsi imzalamaq niyyətində olduğunu deyir. Onun həmin torpaqların Rusiyanın ərazisi kimi tanıması hədəfi var. 

Nə qədər qəribə olsa da, artıq ABŞ-dən də bu istiqamətdə bəyanatlar eşidirik. Həm ABŞ Prezidenti Donald Tramp, həm də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff işğal olunan Ukrayna şəhərlərinin Rusiya ərazisi kimi tanına biləcəyinə dair açıqlamalar veriblər. Lakin indiki şəraitdə belə bir addım atılacağını düşünmürəm. Çünki bu, olduqca yanlış tendensiya olar”.

Ekspert diqqətə çatdırıb ki, ABŞ-nin xarici siyasət istiqamətləri Donald Trampdan əvvəl daha fərqli idi:

“Lakin Tramp Prezident seçildikdən sonra rusiyayönümlü siyasət yürütməyə başlayıb. Kremlin maraqlarına uyğun qərarların qəbul edilməyə başladığı diqqətlərdən yayınmır. Əslində, Tramp ilk dönəmində olduğu kimi yenə də Rusiya ilə eyni fikirdə olmağa çalışır. Bunun səbəbi isə hələlik bəlli deyil”.

Həmsöhbətimiz hesab edir ki, işğal olunan Ukrayna şəhərləri Rusiya ərazisi kimi tanınsa, Kremlin hədəfləri daha da artacaq:

“Rusiyanın Ukrayna ərazilərinə legitim olaraq sahib olmasının dünya tərəfindən tanınması çox böyük problemlərə yol aça bilər. Kremlin bunu əldə etməsi Avropa üçün də ciddi xəbərdarlıq olacaq. Çünki Rusiya bununla kifayətlənməyib başqa ölkələrin ərazilərinə də göz dikəcək. Nəzərə almaq lazımdır ki, adıçəkilən ölkənin imperiya xisləti hələ də davam edir. Bu məsələdə ABŞ-nin yanaşması da doğru deyil”.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin ən böyük səhvi müharibəni başlatmaq idi:

“Çünki düzgün siyasətlə məsələlər həll olunaraq, müharibədən yan keçilə bilərdi. O, Avropa və ABŞ-nin dəstəyindən arxayın olaraq bu addımı atdı. Lakin indi gəldiyimiz nöqtədə Zelenskinin çox böyük səhv etdiyini görürük. Ümumiyyətlə, Avropa ikili deyil, hətta üçlü, dördlü oyunlar oynayan dövlətlər yığınıdır.

Onlarda düzgünlük və ədalət axtarmaq yersizdir. Avropa ölkələrinin əksəriyyəti əsasən öz mənafelərini hər şeydən üstün tuturlar. Zelenski isə bunları hesablamayaraq yanlış bir müharibənin başlamasına səbəb oldu”.

Elmir Mustafa
“Cebheinfo.az”