Sosial evlər: Digər kateqoriyadan olan vətəndaşlara da şamil olunacaq?

Sosial evlər: Digər kateqoriyadan olan vətəndaşlara da şamil olunacaq?

Bugünlərdə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamalda inşa edilən sosial evlərin satışına başlayıb.

Mənzillər ənənəvi şərtlərlə satışa çıxıralıb. Bu dəfə satışa 815 mənzil təqdim olunur. Mənzillərin sahəsi 35 kvadratmetrdən (1 otaqlı studio mənzil) başlayaraq 110 kvadratmetrədək (4 otaqlı) dəyişir.

Aylıq ödəniş isə 1 otaqlılar üçün 143-146 manat, 2 otaqlılar üçün 231-244 manat, 3 otaqlıları üçün 296-314 manat, 4 otaqlılar üçün isə 393- 395 manat arasında dəyişir.

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 sentyabr 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 22 sentyabr 2022-ci il tarixi saat 11:00-dək davam edəcək.

Qeyd edək ki, ölkədə evsiz vətəndaşlar kifayət qədər olsa da, heç də hamı mövcud layihələrdən yararlana bilmir. Bunun səbəbi isə mövcud şərtlərin əhali üçün əlçatan olmamasıdır. Bu gün vətəndaşların ev əldə etmək üçün müraciət etdiyi layihələrdən biri də MİDA-nın təqdim etdiyi sosial evlərdir.

Ancaq həmin layihələrdən də şərtlərə görə hamı faydalana bilmir. Həmin sosial evlərin verilməsi yaxın gələcəkdə digər kateqoriyadan olan vətəndaşlara da şamil oluna bilərmi? Çünki bu imkandan yalnız müəyyən bir qrup yararlana bilir. MİDA-nın bu istiqamətdə yeni layihəsi varmı?

MİDA Cebhe.info-nun sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən mənzilləri güzəştlə əldə etmək hüququ “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş şəxslərə məxsusdur:

“Həmin şəxslər güzəştli ipoteka krediti ilə yanaşı, güzəştli mənzillərdən yararlanmaq hüququna da sahibdirlər. Dövlətin sosial siyasətinin davamı olaraq ölkə başçısının 13.07.2017, 21.07.2017, 07.05.2020 və 04.05.2021-ci il tarixli Fərmanları ilə güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə və dəyişiklik edilərək əhatə dairəsi genişləndirilib”.

Hazırda güzəştlə mənzil almaq hüququna malik şəxslər aşağıdakılardır:

Gənc ailənin üzvü olan şəxslər

1. Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları)
2. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları)
3. Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı, övladları)
4. Məcburi köçkün və ya ona bərabər tutulan şəxs
5. Azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
6. Azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs
7. Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs
8. İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer)

Ailə vəziyyətindən və yaşından asılı olmayaraq digər şəxslər

1. Elmlər doktoru elmi dərəcəsi olan şəxs
2. Azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs
3. Azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla)
4. Azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs
5. Azı 3 il elmi vəzifədə işləyən elmi işçilər
6. Azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs.

Bununla yanaşı, qeyd edilir ki, ölkə başçısının 08.02.2022 tarixli Fərmanı ilə yaşı 35-dən çox olmayan gənc ailənin üzvü olan ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər və yaşından və ailə vəziyyətindən asılı olmayaraq ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarına əlavə edilib:

“Həmin şəxslərin müraciətlərinin qəbuluna “Media haqqında” Azərbaycan Respublikasının Qanununa və “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Prezidentin 2022-ci il 08 fevral tarixli 1589 nömrəli Fərmanına əsasən Media Reyestri yaradıldıqdan sonra başlanacaq. Gələcəkdə də Agentlik tərəfindən kateqoriyaların genişləndirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulur”.

Nigar Abdullayeva
Cebhe.info