Fransa Almatıda keçirilən görüşü alqışlayıb

Fransa Almatıda keçirilən görüşü alqışlayıb

Fransa mayın 10 və 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun keçirilməsini alqışlayır.

Bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Fransa 2022-ci il oktyabrın 7-də Praqada keçirilən dördtərəfli görüşə uyğun olaraq, bu proses üçün əsas kimi 1991-ci il Almatı bəyannaməsinə, tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına bağlı olduqlarını təsdiqləmələrinin vacibliyini vurğulayır. XİN bu kontekstdə 19 aprel 2024-cü il tarixli razılaşdırılmış prinsiplər əsasında və yerlərdə aparılan ilk demarkasiya işlərinin davamı olaraq prosesi, eyni zamanda, iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə çağırır.

Biz Qazaxıstan hakimiyyətinin bu danışıqların aparılmasına yardım etmək təşəbbüsünü alqışlayırıq. Fransa beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması üçün öz tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək”, - deyə bəyanatda bildirilir.

"Cebhe.info"