Ermənilər qondarma rejimə "prezident" tapmır

Qarabağda ləğv olunmuş qondarma rejimin keçmiş “müdafiə naziri” Samvel Babayan separatçı dəstənin sonuncu rəhbərliyinə namizəd olacağı barədə məlumatları təkzib edib.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Samvel Babayanın mətbuat xidməti açıqlama yayıb.
“Samvel Babayan Qarabağın “prezidenti” postuna namizədliyini irəli sürmür. Biz belə məlumatları ictimai rəyi manipulyasiya etməyə yönəlmiş düşünülmüş kampaniya kimi qiymətləndiririk”, - bəyanatda belə deyilir.
Qeyd edək ki, separatçı dəstənin qalıqları mayın 21-də ləğv edilmiş rejimin rəhbəri postuna “prezident” seçkiləri keçirmək niyyətindədir. Lakin Azərbaycanda erməni separatizminin bərpasının qeyri-mümkün olduğunu cinayətkar rejimin üzvləri özləri də anladığından, uydurma prezidentliyə namizədliyini irəli sürmək istəyən yoxdur.
Qondarma qurumun fəaliyyətini davam etdirməsi Ermənistan hakimiyyətinin də maraqlarına cavab vermir. Dövlət içlində “dövlət” istəməyən Baş nazir Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi revanşist müxalifətin siyasi resurslarını təşkil edən “Qarabağ klanı”nın yenidən bərpasını istəmir.
Qondarma rejimin İrəvandakı nümayəndəliyinin bağlanması bu baxımdan separatçılara xəbərdarlıq məqsədi daşıyır. Çox güman ki, Paşinyan hökuməti may ayında Ermənistanda “seçkilər”in keçirilməsinə də icazə verməyəcək və bununla uydurma rejimin qalıqları tarixin zibil yeşiyinə atılacaq.
Müşfiq Abdulla
“Cebheinfo.az”