Sülh sazişi dekabrda imzalanacaq

“Rəsmi İrəvan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra 5 saat davam edən danışıqların nəticələri ilə bağlı konkret məlumat açıqlamasa da, mənbələr baş verənlərin məxfiliyini açıqlayıb”.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
"Məlumata görə, sülh sazişi paraflanıb, tərəflər Zəngəazur dəhlizi ilə bağlı razılığa gəliblər. Yeri gəlmişkən, dünən Ermənistan xarici işlər nazirinin müavini də bəyan edib ki, Ermənistan yola "autsorsinq”ə (Autsorsinq (ing. outsourcing: (outer-source-using) — xarici mənbədən və/və ya resursdan istifadə) — müqavilə əsasında bir təşkilat tərəfindən sənaye sahibkarlıq fəaliyyətinin müəyyən növlərinin və ya funksiyalarının istənilən sahədə fəaliyyət göstərən başqa şirkətə verilməsi-red.) nəzarətin əleyhinə deyil. Sazişin özü dekabrda imzalanacaq.
Məhz bu məqsədlə Paşinyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistanda hərəkətə keçib, xüsusən də “Daşnaksütyun” üzvlərini həbs ediblər. Məsələ burasındadır ki, sülh sazişinin razılaşdırılmış məqamlarından biri də tərəflərin öz dövlətləri daxilində qarşı tərəfə qarşı separatçı bəyanatlar verən qruplarla mübarizə aparmalıdırlar. Bizə dedilər ki, hədəf “Daşnaksütyun”, sonra isə Ermənistan Respublika Partiyasıdır”.
Məlumat üçün bildirək ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.
Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.
Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər.
İrəvan da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi görüşünü uğurlu hesab edir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın nazirliyin teleqram kanalında dərc olunan açıqlamasında bildirilib.
"Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiq edir ki, bu, sülh prosesinin gələcək həyata keçirilməsi üçün ciddi əsas ola bilər", - A.Badalyan qeyd edib.
Qeyd edək ki, iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iki ölkənin sülh gündəliyinin müzakirəsi üçün görüş keçirilib. Tərəflər Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqların və etimadın möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər.
Elnarə Kərimova
“Cebheinfo.az”