Tramp: FED faizləri azaltmasa, ABŞ iqtisadiyyatı yavaşlaya bilər

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) dərhal faiz dərəcələrini azaltmayacağı təqdirdə, ölkə iqtisadiyyatının yavaşlaya biləcəyini bəyan edib.
O, bu barədə “Truth Social”da yazıb.
“Çoxları faiz dərəcələrinin “profilaktik azaldılması”na çağırır. Enerji daşıyıcılarının xərcləri, ərzaq qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşdüyündən, bir çox digər “əşyaların” da qiymətlərində azalma tendensiyası müşahidə olunduğundan inflyasiya demək olar yoxdur”, - o vurğulayıb.
Bununla belə, Trampın sözlərinə görə, bu müsbət eniş tendensiyası FED sədri Cerom Pauellin faiz dərəcələrini indi azaltmayacağı təqdirdə iqtisadiyyatı yavaşlada bilər.
“Avropa (Avropa Mərkəzi Bankını nəzərdə tutur - red.) artıq 7 dəfə faiz dərəcələrini aşağı salıb. Pauel isə əvvəlcə yuxulu Cozef Baydenin, sonra isə Kamala Harrisin seçilməsinə kömək etmək məqsədilə seçkiqabağı dövrlər istisna olmaqla, həmişə gecikib. Sonda nə oldu?”, - Amerika lideri fikrini yekunlaşdırıb.
Xatırladaq ki, ötən həftə Ağ Evin Milli İqtisadi Şurasının sədri Kevin Hassett jurnalistlərə açıqlamasında Trampın FED sədri Cerom Paueli vəzifəsindən uzaqlaşdırmağı düşündüyünü bildirmişdi. Öz növbəsində, “Politico” qəzeti mənbələrə istinadən daha əvvəl xəbər vermişdi ki, maliyyə naziri Skott Bessent Prezidenti FED rəhbərini işdən çıxarmaqdan yayındırmağa çalışır, çünki bu, birjada mənfi reaksiyaya səbəb ola bilər. Əlavə edək ki, Tramp əvvəllər dəfələrlə Paueli faiz dərəcələrini azaltmağa çağırıb.
Pauel bu vəzifədə 2018-ci ilin fevralından çalışır, 2022-ci ildə ikinci müddətə yenidən seçilib. Onun səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır.
"Cebheinfo.az"