Azərbaycan bazarında xarici banklar: Faizləri aşağı salacaq?

Rəqabət Məcəlləsi qəbul edildikdən sonra bir sıra sahələrlə yanaşı, bank sistemində də müsbət dəyişikliklərin olacağı gözlənilir.
O cümlədən, xarici bankların ölkəyə gəlməsi nəticəsində yaranacaq rəqabət mühitində kredit faizlərinin enəcəyi güman edilir. Fakt odur ki, hazırda ölkədəki banklarda kredit faizi çox yüksəkdir. Rəqabət Məcəlləsi bazara xarici bankların gəlməsinə təkan verəcəkmi?
İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, əslində Rəqabət Məcəlləsinin qəbul edilməsi ölkənin maliyyə bazarında yaxşı mənada nəyisə dəyişə bilər:
“Ancaq məsələ məcəllənin işləmə mexanizmlərinin necə təşkil olunacağıdır. Azərbaycanda xarici investisiyalı bankların sayı kifayət qədər azdır. Biz burada iştirakçı olan Türkiyə və Rusiyanı görə bilirik.
Bir zamanlar Azərbaycanda “British Bank” var idi, “AccessBank”ın əsas nizamlama kapitalının 50 faizdən çoxu Almaniyaya aid idi. Digər ölkələrin də bankları var idi. Məsələn, “Ziraat Bank” var ki, 100 faiz Türkiyə kapitalı ilə fəaliyyət göstərir.
“AzərTürk Bank”dakı türk iş adamları öz paylarını Azərbaycana satdılar.
Xarici banklar Azərbaycana gəlsələr belə, yenə də heç nə dəyişməyəcək.
Çünki banklarla bağlı qoyulmuş həm nizamnamə kapitalı, həm kredit faizləri, həm də kredit-uçot dərəcələri ilə bağlı öhdəliklər Mərkəzi Bank tərəfindən müəyyən olunur. Bu, həm ölkədəki yerli, həm də xarici investisiyalı banklara şamil olunur. Ona görə də xüsusi olaraq hansısa xarici investisiyalı kapital Azərbaycanda bank formalaşdıracaqsa, o istədiyi faizləri tətbiq edə bilməz.
Əgər Rəqabət Məcəlləsinin tələblərini “Banklar haqqında” Qanuna uyğunlaşdıra bilsək, o zaman banklar arasında sağlam rəqabət mühiti yaransa, biz o zaman yerli bankların arasında da rəqabətin şahidi ola bilərik. Həm faiz dərəcələri, həm də depozit faizləri, həm də digər xidmətlərlə bağlı görə bilərik. Rəqabət olarsa, bazarda qiymətlərdə, faizlərdə də ucuzlaşma baş verə bilər”.
Ekspert biilirib ki, Mərkəzi Bankın tətbiq etdiyi monetar, adını “üzən məzənnə” qoysalar da əslində özü belə olmayan siyasət bütün banklarda eyni mənzərəni yaradır:
“Banklar da məcburi qaydada eyni maliyyə, kredit, və depozit siyasəti həyata keçirirlər. Bütün banklar bir-birinə oxşayır. Cəmi 1-2 faiz fərq ola bilər. Azərbaycandakı mövcud həm xarici, həm də yerli kapitallı bankların təklif etdiyi faiz və depozit faizləri də eynidir.
Mərkəzi Bank “Banklar haqqında”Qanunla Rəqabət Məcəlləsinin uzlaşdırılması üçün İşçi Komissiyası yaradıb, təkliflərini Nazirlər Kabinetinə verməlidir. Nəticə etibarilə də Nazirlər Kabineti hüquqi-normativ sənədlər qəbul edərsə, prosesi uzlaşdırıb Rəqabət Məcəlləsinə uyğun bank və maliyyə bazarında münbit şərait yaratmaq olar”.
Ekspertin sözlərinə görə, bəyannamələrin verilməsi ilə bağlı qanun illərdir ki, Milli Məclisdə “ilişib qalıb”: “Hətta o qanun da qəbul olunsa, işləməz. Çünki nə qədər mütərəqqi qanunlar qəbul olunsa da, yəni əlinizdə nə qədər bahalı toxum olsa da, onu əkmək üçün qumsalda heç nəyə nail ola bilməyəcəksiniz. Əvvəlcə münbit şərait yaranmalıdır və sonra onun faydasını görmək olar.
Azərbaycanda yalnız Rəqabət Məcəlləsi deyil, başqa sənədlərlə bağlı da vəziyyət eynidir. Bu gün ölkədə “Təhsil haqında” Qanun çoxmu pisdir? Yox. Yaxud “Energetika haqqında”, “Sosial müdafiə haqqında” qanunlar hamısı normaldır. Ancaq işləməsini həyatımızda necə hiss edirik, bu, artıq başqa məsələdir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”