BP: “Şahdəniz” layihəsinə təxminən 30 milyard ABŞ dolları kapital qoyulub

2006-cı ildə hasilatın başlamasından bəri Xəzərin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağından təxminən 237 milyard standart kubmetr qaz hasil edilib.
Bu barədə BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli sosial şəbəkələrdəki hesabında bildirib.
Onun sözlərinə görə, eyni dövr ərzində “Şahdəniz” yatağından 49 milyon ton (təxminən 394 milyon barel) kondensat hasil olunub:
“BP və onun tərəfdaşları indiyədək “Şahdəniz” layihəsi ilə bağlı fəaliyyətlərinə təxminən 30 milyard ABŞ dolları kapital qoyublar və bunun da böyük hissəsi “Şahdəniz-2” layihəsi ilə bağlı olub”.
B. Aslanbəyl qeyd edib ki, Azərbaycan Dövlət Neft Fondu 2024-cü ilin sonuna qədər “Şahdəniz” layihəsindən 7,7 milyard ABŞ dollarından çox gəlir əldə edib.
Xatırladaq ki, “Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü sazişi (PSA) 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (5 %).
"Cebheinfo.az"