Qızılın yüzillik yüksəlişi: 170 qat bahalaşmanın tarixi

Qızılın yüzillik yüksəlişi: 170 qat bahalaşmanın tarixi

Tarix boyunca qızıl həm dəyərli metal, həm də iqtisadi sabitliyin simvolu kimi tanınıb.

Bir vaxtlar dünyanın bir sıra ölkələrinin mərkəzi bankları əllərində olan kağız pulları müəyyən olunmuş məzənnə ilə qızıla dəyişirdilər. Bu sistem “qızıl standartı” adlanırdı və uzun müddət beynəlxalq maliyyə sisteminin əsas dayaqlarından biri olmuşdu.

1717-ci ildə İngiltərənin Kral Zərbxanasının rəhbəri olan məşhur alim İsaak Nyuton funt sterlinqin qızıla sabit məzənnəsini müəyyənləşdirərək qızıl standartının əsasını qoydu. Lakin bu sistem İngiltərədə rəsmi olaraq yalnız 1816-cı ildə Napoleona qarşı qələbədən sonra qanuniləşdirildi. Bundan sonra funt sterlinq dünya miqyasında ən etibarlı və sabit alətə çevrildi. Həmin dövrdə vətəndaşlar istənilən vaxt banklara müraciət edib kağız pullarını qızıl ilə dəyişdirə bilərdilər.

ABŞ da bu sistemə qatıldı. 1792-ci ildə ABŞ Konqresi qızılın qiymətini rəsmi olaraq 19,3 dollar/troya unsiyası səviyyəsində müəyyənləşdirdi. 1834-cü ildə qiymət 20,7 dollara qaldırıldı və 1933-cü ilə qədər dəyişməz qaldı. ABŞ-da qızıl standartı dövründə bir unsiya qızıl 20,67 dollar dəyərində idi. Bu sabitlik sayəsində inflyasiya az olurdu və dollar uzun illər ərzində dəyərini qoruyurdu.

1933-cü ildə ABŞ prezidenti Franklin Ruzvelt qızıl standartını ləğv etdi və dollar devalvasiyaya uğradı, qızılın rəsmi qiyməti 1967-ci ilə qədər 35 dollar səviyyəsində saxlanıldı. Bu dəyişiklik bazarda müvəqqəti sabitlik yaratdı. 1971-ci ildə isə prezident Riçard Nikson dolların qızıl ilə təminatını tamamilə ləğv etdi. Bununla da ABŞ dolları dünyanın ən etibarlı rezerv valyutası faktiki olaraq maddi təminatı olmayan kağız pula çevrildi. Elə həmin il, avqusttun 15-də ABŞ artıq qızılı sabit qiymətə satmadığını bəyan etdi.

1976-cı ildə Yamayka razılaşması ilə qızıl beynəlxalq valyuta sistemindən rəsmi şəkildə çıxarıldı və onun qiyməti artıq yalnız bazar prinsipləri — tələb və təklif — əsasında formalaşmağa başladı. Bu dəyişiklikdən sonra qızılın qiyməti əvvəlcə sürətlə artdı. 1980-ci ildə qısa müddətlik olaraq qızılın qiyməti 850 dollara yüksəldi. Bu həmin dövrdə böyük iqtisadi və siyasi qeyri-sabitliyin nəticəsi idi. Lakin bu zirvədən sonra qiymətlərdə uzunmüddətli azalma müşahidə edildi. Təxminən 20 il boyunca qızılın dəyəri eniş trendində oldu və 2000-ci ildə orta qiymət 271 dollar səviyyəsinə qədər azaldı. Bu dövrdə bir qram saf qızılın qiyməti 9 dollardan da az idi.

2001-ci ildən etibarən qızılın qiyməti yenidən artmağa başladı. Buna səbəb qlobal iqtisadi qeyri-müəyyənlik, inflyasiya və mərkəzi bankların pul kütləsini artırması olmuşdu. 2008-ci ilin mart ayında qızıl mühüm psixoloji səviyyə olan 1000 dollar həddini keçdi. 2011-ci ilin sentyabrında isə qiymət 1920 dollara qədər yüksəldi. Lakin 2012–2016-cı illər arasında qiymətlərdə müəyyən eniş baş verdi.

2020-ci illərdə isə qiymət yenidən artmağa başladı. 2023-cü ildə orta qiymət 1940 dollar, 2024-cü ildə isə 2386 dollara çatdı. 2025-ci ilin əvvəllərindən etibarən isə qızılın  tarixində yeni rekordlar müəyyənləşdi: 1 yanvar 2025-ci ildə qızılın qiyməti 2609 dollar oldu. 1 aprel 2025-ci ildə isə ilk dəfə olaraq 1 qram qızılın qiyməti 100 ABŞ dollarını keçdi. 

Aprel ayında qızılın unsiyasının qiyməti növbəti psixoloji hədləri keçdi və nəhayət bu gun iyun ayı fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək bir troya unsiyası üçün 3500 dollardan yuxarı qalxdı.  

Beləliklə  son 100 ildə qızılın qiyməti 170 dəfə artıb.  Bu da qızılın uzunmüddətli perspektivdə dəyərini qoruyan və artıran bir aktiv olduğunu təsdiqləyir. Hazırkı tendensiyalar göstərir ki, qlobal iqtisadi qeyri-sabitlik və inflyasiyanın davam etməsi fonunda qızılın qiymətindəki artımın qarşıdakı illərdə də davam edə bilər.

"Cebheinfo.az"