Çin səfiri Ukrayna XİN-ə çağırıldı

Çin səfiri Ukrayna XİN-ə çağırıldı

Çinin Ukraynadakı səfiri Ma Şenkun Çin vətəndaşlarının Rusiya tərəfində hərbi əməliyyatlarda iştirak etməsi ilə bağlı ittihamlara görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi "Facebook"da məlumat yayıb.

Kiyev Çin vətəndaşları ilə Rusiya hərbçiləri arasında əməkdaşlığa dair “sübutları” Çin tərəfinə təhvil verdiyini açıqlayıb.

Ukrayna Xarici İşlər Nazirinin müavini Yevgeni Perebiynis bildirib ki, bu vəziyyət Kiyev ilə Pekin arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinə ziddir.

Çin hökuməti, öz növbəsində, Ukraynaya silah göndərilməsi və öz hərbçilərinin münaqişəyə qatılması ilə bağlı ittihamları dəfələrlə rədd edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian bildirib ki, Pekin, öz vətəndaşlarını xaricdə heç bir hərbi əməliyyatda iştirakdan çəkindirməyə çağırır.

Qeyd edək ki, son günlərdə Donbasda əsir götürülən Çin vətəndaşları ilə bağlı xəbərlər də yayılıb.Ukrayna Prezidenti Volodimir Zelenski, onların Rusiyanın tərəfində döyüşdüklərini bildirib.

Bu hadisələr, Rusiya ilə Çin arasında artan hərbi əməkdaşlıq fonunda Ukraynanın bu əlaqələrə dair narahatlığını daha da artırır.

Kreml, Zelenskinin Çin vətəndaşlarının münaqişəyə qarışdığı ilə bağlı söylədiklərini rədd edib və Pekinin ehtiyatlı bir mövqe tutduğunu, heç bir tərəfə hərbi yardım göndərmədiyini vurğulayıb.

Çin, Kiyevin Çin döyüşçüləri və şirkətlərinin münaqişəyə müdaxiləsi ilə bağlı əsassız ittihamlarına və manipulyasiyalarına qarşı sərt şəkildə çıxış edib.

Səbinə Uğur
"Cebheinfo.az"