Hər iki ideya Azərbaycandan keçir: “Böyük gəlir gətirəcək”

Hər iki ideya Azərbaycandan keçir: “Böyük gəlir gətirəcək”

“Yol həm mədəniyyət, həm də böyük iqtisadi sıçrayış deməkdir. 

Orta dəhliz prinsipi və Çinin təklif etdiyi “Bir Kəmər - Bir Yol” ideyası, hər ikisi Azərbaycandan keçir. Bu yollar vasitəsilə daşınan yüklər tranzit missiyası yerinə yetirir və Azərbaycan iqtisadiyyatına ciddi gəlir gətirəcək”. 

Bu sözləri Prezident İlham Əliyevin Çinə səfəri və imzalanan “Birgə Bəyanat”, həmçinin, Azərbaycan-Çin münasibətləri ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, Azərbaycanın Çinlə birbaşa dəmir yolu əlaqələrinin qurulması da böyük strateji və iqtisadi əhəmiyyətə malikdir. Çin artıq dünya iqtisadi nəhənginə çevrilib və onunla ticarət əlaqələri hər ölkə üçün vacibdir: 

"Çinin başçılığı altında yeni iqtisadi və logistik mərkəzin formalaşması Azərbaycanın maraqları baxımından böyük əhəmiyyət daşıyır. Məsələ bundadır ki, Çin tərəfi Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı Ermənistanın razı salınmasında əhəmiyyətli təsir göstərə bilib. Artıq “bir qapı - bir dəhliz” prinsipi əsasında irəli sürülən logistika layihəsinin reallaşmasına maneə qalmayıb. 

Bu proses Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub dəmir yolu və eyni zamanda Ordubad-Albənd marşrutu ilə Zəngəzur dəmir yolu xəttinin işə salınması fonunda bölgədə yeni logistik qovşağın yaranmasına zəmin yaradır. Bu, həm Çin iqtisadiyyatına, həm də regionun iqtisadi inkişafına ciddi təkan verəcək. Mətbuatdan oxudum ki, Ermənistan artıq böyük həvəslə Zəngəzur dəmir yolu xəttinin tikintisinə başlayıb. 

Bu, dünən baş verib. Artıq deyə bilərik ki, Ermənistan öz ərazisində 42 kilometrlik hissəni tamamlamaq üzrədir. Eyni zamanda, Horadiz-Albənd dəmir yolu xətti də yaxın müddətdə başa çatacaq”. Qabil Hüseynlinin sözlərinə görə, bu proses bütövlükdə regionun iqtisadi inkişafına xidmət edəcək: 

“Nəticə etibarilə bu yol türk dövlətlərinin birləşməsində və Çinlə əlaqələrin möhkəmlənməsində böyük rol oynayacaq. Orta dəhliz prinsipi və Çinin təklif etdiyi “Bir Kəmər - Bir Yol” ideyasının hər ikisi Azərbaycandan keçir. Yol ilə yükü pulsuz daşımırsan ki... Bütün bunlar Azərbaycan iqtisadiyyatına böyük gəlir gətirəcək. Ermənistan da Gümrüdən Qarsa qədər olan dəmir yolunu Türkiyə və Azərbaycana yenidən açacaq. Həmçinin, bu marşrut vasitəsilə üzünü Qərbə doğru da çevirə biləcək. Bu mərhələdə kimin uduşunun daha çox olduğunu söyləmək çətindir, lakin proses bütövlükdə regionun iqtisadi inkişafına xidmət edir". 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”