Süni intellektlə yaradılan filmlər “Oskar” ala biləcək

Süni intellektlə yaradılan filmlər “Oskar” ala biləcək

ABŞ-nin Kino Sənətləri və Elmləri Akademiyası süni intellektdən istifadə etməklə yaradılmış filmlərin də “Oskar” mükafatına namizəd ola biləcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, “Oskar”ları seçən Akademiyanın rəsmi saytında verilən açıqlamaya görə, bu ildən qüvvədə olacaq yeni mükafat qaydaları paylaşılıb.

Bildirilib ki, istehsal prosesində süni intellekt alətlərindən istifadə edən filmlər müəyyən şərtlərə cavab verərsə, “Oskar” nominasiyası üçün nəzərdə tutula bilər. 

Yeni qaydalara əsasən, münsiflər heyətinin üzvləri qalib filmləri seçərkən “filmin istehsalında insanların nə dərəcədə iştirak etdiyini” nəzərə alacaqlar.

Akademiya qeyd edir ki, qaliblərin müəyyən olunmasında insan əməyinin iştirakı hələ də əsas meyar olaraq qalacaq.

Akademiyanın üzvləri hansısa kateqoriyada səsvermədə iştirak etmək üçün həmin kateqoriyadakı bütün namizəd filmləri izləməlidirlər. Bu səsvermənin yekun raundu qalibləri müəyyən edir.

Xatırladaq ki, bu il 97-ci dəfə keçirilən "Oskar" mükafatlandırma mərasimində "Ən yaxşı operator işi" və "Ən yaxşı kişi rolu" mükafatlarını qazanan "The Brutalist" filmi süni intellektdən istifadə etdiyi üçün böyük əks-səda doğurmuşdu.

Nigar Hacılı 
"Cebheinfo.az"