Yerli gəlirlər 8,8 faiz çox icra olunub

Yerli gəlirlər 8,8 faiz çox icra olunub

2023-cü ildə dövlət büdcəsinin yerli gəlirləri 764,7 milyon manat proqnoza qarşı 832,3 milyon manat məbləğində və ya 8,8 faiz çox icra olunub.

"Cebhe.info" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub.

Tədiyə növlərinə müvafiq olaraq ƏDV üzrə 254,9 milyon manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 227,3 milyon manat, sadələşdirilmiş vergi üzrə 24,6 milyon manat, fiziki şəxslərdən gəlir vergisi üzrə 201,7 milyon manat, aksizlər üzrə 40,5 milyon manat, dövlət rüsumu 61 üzrə 33,3 milyon manat, əmlak vergisi üzrə 21,5 milyon manat, cərimə və sanksiyalardan daxilolmalar üzrə 14,5 milyon manat, torpaq vergisi üzrə 6,6 milyon manat, mədən vergisi üzrə 5,5 milyon manat, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı üzrə 1,9 milyon manat məbləğində vəsait daxil olub.

2023-cü ildə rayon və şəhərlərin yerli gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 7,2 milyon manat maliyyə yardımı (dotasiya) ayrılmışdır ki, bu da 2022-ci illə müqayisədə 24,9 milyon manat və ya 77,5 faiz azdır.

2023-cü ildə respublikanın 57 rayon və şəhəri (2022-ci illə müqayisədə 6 rayon çox) dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımı almadan xərclərini öz gəlirləri hesabına maliyyələşdirilib.

2023-cü ildə dövlət büdcəsinin yerli xərcləri 777,0 milyon manat proqnoza qarşı icra 738,6 milyon manat və ya 95,1 faiz olmuşdur. Xərclərin proqnoza nisbətən az icrası əsasən yerli icra hakimiyyəti orqanlarında mövcud olan boş (vakant) ştatlar, eyni zamanda dövlət qulluğuna yeni təyin olunmuş işçilərin qulluq stajlarının və ixtisas dərəcələrinin az olması, mənzil və kommunal təsərrüfatı sahəsi üzrə, o cümlədən abadlaşdırılma, tullantıların yığılması, emalı və təmizlənməsi, küçələrin, parkların işıqlandırılması, yaşıllıqların salınması və digər abadlıq işlərinin yerinə yetirilməsi ilə bağlı xərclər üzrə qənaətin yaranması ilə bağlıdır.

2023-cü ilin dövlət büdcəsinin yerli xərclərində nəzərdə tutulmuş vəsaitin 29,0 faizi və ya 214,2 milyon manatı aidiyyəti icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə, 32,3 faizi və ya 238,7 milyon manat ətraf mühitin mühafizəsi xərclərinə, 25,9 faizi və ya 191,3 milyon manatı mənzil və kommunal təsərrüfatı xərclərinə, 7,2 faizi və ya 53,3 milyon manatı iqtisadi fəaliyyət xərclərinə, 1,6 faizi və ya 11,4 milyon manatı mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə, 0,6 faizi və ya 4,7 milyon manatı sosial müdafiə və sosial təminat xərclərinə, 3,4 faizi və ya 25,0 milyon manatı digər xərclərə yönəldilib.

İqtisadi təsnifata uyğun olaraq 2023-cü il yerli xərclərin 207,7 milyon manatı və ya 28,1 faizi əməyin ödənişinə, 364,9 milyon manatı və ya 49,4 faizi malların (işlərin və xidmətlərin) satın alınmasına, 51,4 milyon manatı və ya 7,0 faizi subsidiyalara, 113,2 milyon manatı və ya 15,3 faizi qeyri-maliyyə aktivlərinin alınmasına, 1,4 milyon manatı və ya 0,2 faizi sosial ödənişlərə yönəldilib.

"Cebhe.info"