Məşhur tiktoker yaşlı nəsli hədəf aldı: “Sonra da gəncləri bəyənmirlər”

Məşhur tiktoker yaşlı nəsli hədəf aldı: “Sonra da gəncləri bəyənmirlər”

“Cəmiyyətin korlanmasına tək səbəbi “Tik-Tok” deyil. Cəmiyyətimiz təfəkkürü bayağı insanların “Tik-Tok”da yolunun açılmasına imkan yaradır”. 

Bu sözləri "Cebhe.info"-ya açıqlamasında məşhur tik-toker Samir Vəlioğlu (Pürrəngi) bildirib. Onun sözlərinə görə, cəmiyyətdə olan nöqsanlara görə hazırda sosial şəbəkələrdə əxlaqsızlıq, bayağı mədəniyyət hökm sürür: 

"Ölkəmizdə adət -ənənələrə laqeyd yanaşılır. Ailə dəyərləri müqəddəsliyini itirib və ən əsası isə dinə inansaq da, Allahın bizə göstərdiyi müqəddəs Qurani- Kərimdə göstərilənlərə əməl etmirik. Bunlar olduğu halda əlbəttə ki, cəmiyyətdə bu cür neqativ, xoşagəlməz hallar baş verəcək". 

O bildirib ki, cəmiyyətdə maarifləndirmə düzgün aparılmır: "İstənilən TV kanallarda əsasən bayağı verilişlərə bəh-bəhlə baxırlar. Elə olan halda biz necə deyə bilərik ki, "Tik-Tok"-da sağlam adamlara baxmaq lazımdır? Kim baxacaq? Məhz bu səbəblərdən cəmiyyətin təfəkkürü çox korlanıb".

Pürrəngi qeyd edib ki, keçmiş nəslin nümayəndələrinin səhvləri indiki gənclərdən daha çoxdur: "Tez-tez deyirlər ki, yaşlı nəslin nümayəndələri yaxşıdır, o nəsildə abır-həya, qayda -qanuna hörmət var. Lakin  belə deyil. Bu gün istənilən dövlət qurumunda və ya vəzifədə çalışan yaşlı nəslin nümayəndələri daha çox korrupsiyaya meyillidirlər.

Bundan əlavə, növbə mədəniyyətinə, qayda- qanunlara əksəriyyəti laqeyd yanaşır. Sonra da gəncləri bəyənmirlər. Məhz elə onların səhvlərinə görə bu gün cəmiyyətdə bu qədər problemlər hökm sürür". 

Həsən Məmmədov 
"Cebhe.info"