Azərbaycanda ətin bir kilosu 4 manat 27 qəpiyə başa gəlir?

Azərbaycanda ətin bir kilosu 4 manat 27 qəpiyə başa gəlir?

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 5 milyon 879 min 200 kiloqram mal-qara əti satılıb.

Satılan mal ətinin maya dəyəri 25 milyon 122 min 700 manat olub. Açıqlanan rəsmi məlumatlara istinadən aparılan hesablama göstərir ki, 1 kiloqram mal ətinin maya dəyəri 4 manat 27 qəpik olub. 

Buradan belə bir qənəətə gəlmək olar ki, ət süni şəkildə bahalaşdırılır? 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli "Cebhe.info"-ya açıqlamasında deyib ki, mal ətinin maya dəyərinin bu qədər aşağı olması heç də inandırıcı görünmür: 

“Mal ətinin maya dəyərini öyrənmək üçün müvafiq metodologiyadan istifadə etmək lazımdır. Bir kiloqram ətin maya dəyərini müəyyən etmək üçün ən doğru metodologiya satışa çıxarılana qədər sərf olunan qiymətlərin məcmusunu hazırlamaq, sonra da ətin real qiymətindən xərclər məcmusunu çıxmaqdır. O zaman real qiyməti müəyyən etmək olar”.

 Həmsöhbətimiz hesab edir ki, bəyan edilən bu qiymətlər birmənalı şəkildə reallıqdan çox-çox uzaqdır:

“Doğrudan da, mal ətinin bir kiloqramının maya dəyəri 4-5 manatdırsa, onda bizim fermerlərin qazancı kifayət qədər yüksək olmalı idi. 

Amma reallıq bunun əksini deyir. Heç kimə sirr deyil ki, Azərbaycanda örüş problemi var. Məhz bu səbəbdən də fermerlər heyvanlarını əsasən bağlı məkanda saxlayırlar. 

Bağlı məkanda saxlanılan heyvana verilən otun, yemin və digər qidaların qiyməti olduqca yüksəkdir”. 

O qeyd edib ki,fermerlərin heyvandarlıqdan qazancları azdır:

"Əgər fermerlərin qazancı yüksək olsaydı, ölkədə heyvanların sayı sürətlə azalmaz, xaricdən gətirilən ətin həcmi sürətlə artmazdı. Ona görə də təqdim edilən statistika reallığı əks etdirmir". 

Həsən Məmmədov 
"Cebhe.info"