Doğulduğu bölgənin seçiciləri də Makrona səs vermir

Doğulduğu bölgənin seçiciləri də Makrona səs vermir

Avropa Parlamenti seçkilərində ifrat sağçılara məğlub olduqdan sonra erkən seçki kartını oynayan Fransa Prezidenti Emmanuel Makron məmləkətində seçicilərdən səs ala bilmir.

"Cebhe.info" xəbər verir ki, Makronun gəncliyini keçirdiyi ölkənin şimalındakı Amiens şəhərinin sakinlərinin əksəriyyəti iyunun 30-da keçiriləcək növbədənkənar seçkilərdə Marin Le Penin ifrat sağçı Milli Birlik partiyasına (RN) üstünlük verəcəklərini bildirirlər.

Britaniyanın ictimai yayımçısı BBC-yə danışan şəhər sakinləri iqtisadi şəraitdən və immiqrantlardan şikayətləniblər.

Əvvəlki seçkilərdə çoxları Makrona səs versə də, Amiens sakinləri Fransa liderini vədlərini pozmaqda ittiham edirlər. 36 yaşlı şəhər sakini Kristofer Makron hakimiyyətə gəldikdən sonra iqtisadiyyatın daha da pisləşdiyini deyib:

“Makron çox şey vəd etdi, lakin vədlərini tutmadı. Ona görə də mən RN-ə inanmağa çalışıram".

37 yaşlı Aureli şəhərdə mühacirlərlə bağlı cinayətlərin artmasından şikayətlənir. Seçicilərin böyük əksəriyyəti Le Penin partiyası RN-nin “faşist və ya irqçi kimi təsvir oluna biləcək siyasətdən uzaqlaşdığına” inanır.

Ləman İsmayıl
"Cebhe.info"