Skripal ailəsi ilə bağlı vacib XƏBƏR

Skripal ailəsi ilə bağlı vacib XƏBƏR

Sergey Skripal və qızı Yuliya Britaniya hakimiyyətinin Rusiya xüsusi xidmət orqanlarına qarşı ittiham irəli sürdüyü “Noviçok” zəhərlənməsi işi üzrə məhkəmədə şahid ola bilərlər.

“Cebhe.info”-nun məlumatına görə, skripallar 2018-ci ilin iyul ayında Solsberidə ingilis qadın Don Störcesin ölümü ilə bağlı işin şahidləri sırasına daxildir.

Störcesin təsadüfən zəhərin qurbanı olduğu, zəhərləyicilərin əsl hədəfinin isə Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal olduğu iddia edilir.

Störcesin qətli ilə bağlı hazırlıq iclası iyunun 21-də London Kral Məhkəməsində keçirilib. Mərhumun ailəsinin nümayəndəsi, vəkil Maykl Mensfild skripalların iş üzrə tam ifadəsinin ona verilmədiyini və ona görə də onların məhkəmədə şəxsən iştirakını tələb edəcəyini bildirib.

“The Guardian” skripalların vəkilinə istinadən yazır ki, onlar təhlükəsizliklərindən qorxduqları üçün məhkəmədə iştirak etmək istəmirlər. 

Vəkil isə hesab edir ki, onların ifadələrinin polis tərəfindən toplanmış stenoqramlarında və digər materiallarda kifayət qədər sübutlar var. Ona görə də skripalları dinləmələrə çağırmağa ehtiyac yoxdur. 

Störcesin ailəsi skripalların mövqeyini başa düşdüklərini bildirib. Lakin skripalların ifadələrini onlara təqdim etmədiyi üçün şahidlər siyahısında qalmasını istəyirlər. Məhkəmə ifadənin dərc olunmasını gözləyəcəklərini və bundan sonra skripalları şəxsən çağırıb-çağırmayacağına qərar verəcəyini bildirib.

Sergey Skripal və qızı Yuliya 2018-ci ilin martında zəhərlənib. Onlar uzun müalicədən sonra sağ qalıblar. Elə həmin yaz iki Britaniya vətəndaşı Don Störces və onun dostu Çarli Rouli zibil qabına atılmış ətir şüşəsi tapıblar. 

Störces üzərinə ətir vurmağa çalışıb. Tezliklə onların hər ikisi özünü pis hiss edib. Reanimasiyada bir neçə ay qaldıqdan sonra Störces sinir zəhərlənməsindən ölüb. Rouli isə sağ qalıb.

Bundan başqa, Sergey Skripal və qızına ilkin tibbi yardım göstərən polis zəhərlənmədən əziyyət çəkib. 

Toksikoloqların sözlərinə görə, onların hamısı Rusiya mənşəli “Noviçok” maddəsi ilə zəhərlənib. 

Britaniya hakimiyyəti rəsmi olaraq Rusiyanı skripalların “Noviçok” maddəsi ilə zəhərlənməsində əli olmaqda ittiham edib və Ruslan Boşirov və Aleksandr Petrov adına sənədlərlə Böyük Britaniyaya daxil olan şübhəlilərin adlarını açıqlayıb.

Britaniya istintaqı iddia edir ki, onlar Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin əməkdaşları Anatoli Çepiqa və Aleksandr Mişkindir. Moskva isə ittihamları rədd edir.

Müşfiq Abdulla 
“Cebhe.info”