“Human Rights Watch”-un qərəzi: Azərbaycana qarşı oyunda bu dəfə də saxta hesabat

“Human Rights Watch”-un qərəzi: Azərbaycana qarşı oyunda bu dəfə də saxta hesabat

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı Azərbaycanı tənqid edən hesabat yayıb.

2022-ci ilə dair sənəd daha çox Ermənistanın və işğalçı erməni hərbçilərinin “hüquqlarının müdafiəsi”nə həsr olunub. Qeyd edək ki, qeyri-hökumət təşkilatı olan “Human Rights Watch” təşkilatının missiyası dünyanın müxtəlif ölkələrində insan hüquqlarının, söz və mətbuat azadlığının, vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı hesabatlar hazırlamaq, tövsiyələr verməkdir. Yəni ictimai qurum olan “Human Rights Watch” siyasi institut kimi davranmaq, dövlətlərarası geosiyasi münasibətlərə müdaxilə etmək səlahiyyəti yoxdur.

Ancaq adıçəkilən təşkilatın ötən ilə dair Azərbaycana həsr olunmuş hesabatı daha çox sırf siyasi məzmun daşıyır ki, bu da onun proqram məqsədlərinə ziddir. Sənəddə ötən ilin sentyabrında Azərbaycanla Ermənistan arasında sərhəd toqquşmalarından da söz açır. Hesabatın məzmunu Ermənistan mətbuatında Azərbaycan əleyhinə yayılan məqalələrlə və erməni siyasətçilərin bəyanatları ilə eynilik təşkil edir. Elə buradan hesabatın hazırlanması zamanı birtərəfli qaydada erməni diasporu və lobbisinin rəylərinin əsas götürdüyü açıq görünür. Azərbaycanla bağlı hesabatın başqa bir ölkənin-Ermənistanın rəyi əsasında hazırlanması qeyri-obyektivlik olmaqla yanaşı, həm də absuddur.

“Human Rights Watch” iddia edir ki, guya həqiqiliyini təsdiqlədiyi bir videoda azı yeddi erməni əsgəri Azərbaycan qüvvələri tərəfindən qanunsuz edam olunub. Amma bu “hüquq müdafiə” təşkilatı sentyabr ayında anonim şəkildə yayılmış və heç bir üz görüntüsü olmayan bu videomaterialda atəş açan hərbçilərin azərbaycanlı, ölənlərin isə erməni əsgəri olduğunu hansı ekspertiza rəyi əsasında müəyyən etdiyini açıqlamır. Əgər “Human Rights Watch” belə bir ekspert araşıdırması aparmış olsaydı, onun nəticələrini beynəlxalq ictimaiyyətə, o cümlədən həm Azərbaycana, həm də Ermənistana açıqlamalı idi.

İkincisi, “Human Rights Watch” istintaq orqanı deyil, ictimai birlikdir. Belə məsələlərin dəqiq müəyyən edilməsi onun səlahiyyətinə aid olmadığından, bu videogörüntünün həqiqiliyini müəyyən edə biməz. Deməli, hesabatın hazırlanmasında saxtakarlığa yol verilib. Əgər “Human Rights Watch” müharibə cinayətlərinə obyektiv qiymət verməyə çalışırsa, o zaman 44 günlük Vətən müharibəsində Ermənistanın Tərtərdə, Gəncədə, Naftalanda, Ağdamda dinc əhaliyə qarşı törətdiyi qətliyamları yaysın. Amma sözügedən təşkilat körpə uşaqların Ermənistan raketlərinin hədəfinə çevrilməsi ilə bağlı faktları hesabatlara daxil etmir.

“Human Rights Watch” hesabatı hazırlayan zaman 2022-ci il sentyabr 12-dən 13-ə keçən gecə hücumun Ermənistan tərəfindən başladıldığını, Azərbaycan hərbçilərinin qeyri-döyüş şəraitində, yatmış vəziyyətdə raketlə vurularaq qətlə yetirildiyini yazmağı görməzdən gəlib. 80 Azərbaycan hərbçisinin yatdığı yerdə öldürülməsi edamdan daha ağır cinayətdir. Ancaq “Human Rights Watch” fəaliyyət prinsiplərinə zidd olaraq siyasi bəyanat verməklə məşğul olub, Ermənistanın hərbi cinayətlərini ört-basdır etməyə çalışıb. “Human Rights Watch” bununla kifayətlənməyərək hesabatda Azərbaycan məhkəmələri tərəfindən həbs edilmiş erməni terrorçularını və diversantları “hərbi əsir” kimi təqdim edib.

Bu isə sənədin hazırlanması zamanı Azərbaycanın deyil, Ermənistan Müdafiə Nazirliyinin rəyinin əsas götürüldüyünü deməyə əsas verir. “Ermənistan azı 30 erməni hərbi əsirin və üç dinc sakinin 2022-ci ilin oktyabrınadək Azərbaycan əsirliyində olduğunu bildirir. Azərbaycan hakimiyyəti isə bu şəxsləri hərbi əsirlər kimi tanımır, onlara terrorçuluq, qanunsuz silah saxlamaq, sərhədi qanunsuz keçmə, 1990-cı illər müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermə ittihamları irəli sürüb”,-hesabatda belə deyilir. Bununla da həbsdə saxlanılan erməni terrorçuları bir tərəfdən hərbi əsir kimi göstərilməklə yanaşı, onlara qarşı irəli sürülmüş hüquqi ittiham da şübhə altına alınır. Halbuki, həmin ermənilərin əvvəla hərbi əsir deyil, terror fəaliyyəti ilə məşğul olduğu məhkəmə prosesində sübuta yetirilib.

Onların bir qismi İkinci Qarabağ müharibəsindən sonra Aərbaycan ərazilərində terror-diversiya əməliyyatı törətmiş erməni yaraqlılarıdır. Həmin şəxslər öz günahlarını məhkəmə zamanı heç bir təzyiq olmadan etiraf ediblər.

Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı əsir və girovlara işgəncə vermiş erməni terrorçularının cinayət əməli də həm zərərçəkmiş şəxslərin, həm də şahid ifadələri ilə sübuta yetirilib. Onlar özləri də bu cinayəti törətdiklərini etiraf edərək zərərçəkmişlərdən üzr istəyiblər. Yəni həmin ermənilər hərbi əsir deyil və cinayətkar kimi qanuni cəzaya məhkum ediliblər. Nisbətən az cinayət törətdiyi təsdiqlənən diversantlar isə Azərbaycan dövləti tərəfindən humanzm prinsipləri əsas götürülərək Ermənistana qaytarılıb. Ancaq “Human Rights Watch” Azərbaycanın humanistlik göstərərək erməni əsgərləri təhvil verdiyini yenə “görməyib” və hesabata daxil etməyib.

O da məlumdur ki, Ermənistan tərəfi müharibədən sonra əsirləri və diversantları Azərbaycanın minalanmış ərazilərinin xəritələrinə dəyişmək barədə razılaşmaların heç birinə əməl etməyib. Azərbaycan tərəfinə verilən xəritələr isə ya yalan, ya da qismən doğru çıxıb. Bütün bu ədalətsizliklər “Human Rights Watch” un hesabatında yer almayıb.

ABŞ Dövlət Departamentinin, Konqresin xarici siyasətlə bağlı qərarlarına “Human Rights Watch” kimi təşkilatların rəyinin mühüm təsir göstərdiyini nəzərə alsaq, bu hesabat Azərbaycan-Ermənistan münasibətlərinin sülh yolu ilə tənzimlənməsində vasitəçilik səylərini artırmağa çalışan Vaşinqtona yalnız problem yarada bilər. ABŞ rəsmiləri ermənipərəst hesabata istinad etməzdən öncə Fransanın Azərbaycan tərəfindən “oyundankənar” vəziyyətə salındığını nəzərə alsalar, daha məqsəduyğun olar.

Müşfiq Abdulla
Cebhe.info