ABŞ Yaxın Şərqə ikinci hərbi gəmi göndərib

ABŞ hər gün Yəmənə hücumları davam etdirdiyi bir dövrdə ikinci döyüş gəmisini Yaxın Şərqə göndərdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, məsələ ilə bağlı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial media hesabında paylaşım edilib.
Bəyanatda deyilir ki, "USS Carl Vinson" döyüş gəmisi "USS Harry S. Truman" döyüş gəmisi ilə birlikdə ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında xidmət edir.
Xatırladaq ki, ABŞ rəsmisi martın 22-də "Associated Press" agentliyinə Yəməndə husilərə qarşı hücumlarını gücləndirən Birləşmiş Ştatların gələn ay bölgədə iki təyyarədaşıyıcısının olmasını planlaşdırdığını deyib.
O, müdafiə naziri Pit Heqsetin hazırda Sakit Okeanda xidmətdə olan "USS Carl Vinson" döyüş gəmisinin Yaxın Şərqə yola salınması əmrini verdiyini və hazırda Qırmızı dənizdə xidmətdə olan "USS Harry S. Truman" adlı döyüş gəmisinin ən azı bir ay Yaxın Şərqdə qalması üçün cümə axşamı günü əmr imzaladığını bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"