Ərdoğanın Laçına səfəri Türkiyə mediasının diqqət mərkəzində - FOTOLAR

Türkiyənin aparıcı telekanalları, informasiya agentlikləri, qəzetləri və xəbər portalları Prezident Rəcəb Tayyib Ərdoğanın Laçına səfərini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə telekanalları ən yüksək səviyyədə üçtərəfli danışıqların aparıldığı Laçından canlı yayım təşkil edib.
Türkiyə, Azərbaycan və Pakistan liderlərinin üç ölkə arasında əməkdaşlığın sarsılmazlığı ilə bağlı bəyanatları qardaş ölkənin mediasında yer alıb. Materiallardan bəziləri “Üç xalq, bir dövlət” adlanırdı.
Xəbərlərdə Türkiyə, Azərbaycan və Pakistan liderlərinin bəyanatlarından sitatlar təqdim olunub, üç ölkənin həmrəyliyi və birliyinin vacibliyi qeyd edilib.
Materiallarda Laçın Beynəlxalq Hava Limanının açılışına xüsusi diqqət yetirilib. Türkiyə ictimaiyyətinə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa edilən üçüncü hava limanı barədə ətraflı məlumat verilib.
"Cebheinfo.az"