Qarabağda məşğulluq problemi olmayacaq, əgər...

Qarabağda məşğulluq problemi olmayacaq, əgər...

"İşğaldan azad olunmuş ərazilərdə sahibkarlığın təşkili və biznes şirkətlərinin həmin ərazilərə giriş-çıxış imkanları ilə bağlı bəzi məsələlər qalmaqdadır". 

Bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov "Cebhe.info"-ya şərhində "Sahibkarların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rahat və azad fəaliyyəti üçün hansı mexanizmlər tətbiq olunmalıdır?" sualına cavab verərkən bildirib. 

O qeyd edib ki, hər iki zonada sahibkarlığın inkişafına mane olan problemlər bir sıra səbəblərdən qaynaqlanır:

"Bildiyimiz kimi, Qarabağ və Şərqi Zəngəruz minalar və silah-sursatla çirklənmiş ərazilərdir. Həmin ərazilərin təmizlənməsinə ehtiyac var. Çünki bu istiqamətdə addımlar atılmazsa, bu ərazilərdə biznesin dayanıqlığı üçün risklər qalmaqda olacaq. Faktiki olaraq, işğaldan azad olunmuş ərazilərdə kütləvi məskunlaşma hələ aşağı səviyyədədir.Bu da biznesin inkişafına və fəaliyyətinə problemlər yaradacaq. 

Hesab edirəm ki, yenidən köçürülmə və məskunlaşma siyasəti intensivləşmədən kiçik və orta sahibkarların növbəti mərhələdə dayanıqlığını təmin etmək çox çətin olacaq. 

Amma bu kimi arqumentləri əsas gətirməklə sahibkarlıq subyektlərinə seçici yanaşma ortaya qoyulmamalıdı. Ona görə ki, bu, ciddi narahatlıqlara səbəb ola bilər. Həm yerli, həm də xarici investorlardan işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərmək üçün müraciətlər daxil olur. 

Buna görə də investorlar üçün xüsusi imkanlar yaradılmalıdır, amma bunun üçün ilk növbədə mülkiyyət hüququ və torpaqların təyinatı ilə bağlı məsələlər öz həllini tapmalıdır. 

Əgər bu məsələlərin həlli üzrə nizamlanma prosedurları tətbiq olunmazsa, bu, bir tərəfdən rasional biznes təşəbbüslərinin qarşısını alacaq, digər tərəfdən isə investorların bazara giriş-çıxış imkanlarını məhdudlaşdıracaq. Yəni sahibkarlıq subyektləri Qarabağ və Zəngəzurda fəaliyyət göstərərkən ciddi çətinliklərlə üzləşəcək. Bu məsələlər qısamüddət ərzində həll olunmalıdır".  

Ekspertin sözlərinə görə, xarici şirkətlərin Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işlərinə cəlb olunması hər bölgənin inkişafına fayda gətirəcək:

"Hər iki bölgə yenidən sıfırdan qurulur. Böyük xarici koorporasiyaların ərazilərdə biznes qurması və imkanlarını genişləndirməsi həm istehsalın dayanıqlığı, həm resursların səmərəli istifadəsi, həm də ixrac potensialının gücləndirilməsi baxımından çox böyük dividentlər qazandıracaq".  

Sahibkarlığın İnkişaf Fondunun sahibkarların münasib imkanlar ilə təmin olunmasında rolunu qiymətləndirən Rəşad Həsənov vurğulayıb ki, dövlət tərəfindən sözügedən fonda
biznes təşəbbüslərini dəstəkləmək üçün mexanizmlər verilib:

"Həmin fond sahibkarlar üçün kreditlərə dövlət zəmanətinin verilməsində, həmçinin kredit faizlərinin subsidiyalaşdırımasında yardımcı olur. Sahibkarlığın İnkişaf Fondunun fəaliyyətində nöqsanların olduğunu demək çətindir. 

Hər hansı sahibkarlıq subyektinin işğaldan azad olunmuş ərazilərdəki layihəsi öz təsdiqini tapdığı halda Sahibkarlığın İnkişaf Fondu öz kriteriyaları çərçivəsində qiymətləndirmə aparmaqla həmin layihəni maliyyələşdirməklə bağlı qərar qəbul edə bilər". 

R.Həsənov, həmçinin əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təbii resurslar və resurslardan istifadə potensialı barədə sahibkarlıq subyektlərinə məlumat təqdim etmək üçün online platformanın yaradılmasına ehtiyac var: 

"Yaxşı olardı ki, həmin platforma üzərindən məlumatlar təqdim edilsin və sahibkarlar da məlumatlara uyğun öz layihələrini hazırlasınlar. Təbii ki, ilk növbədə süni və bürokratik manelər aradan qaldırılmalıdır, ondan sonra hər iki iqtisadi zonada investiya layilərin həyata keçirilməsinə imkan verilməlidir. Sözsüz ki, layihələrin reallaması məskunlaşma zamanı ortaya çıxan məşğulluq problemlərin həllinə böyük töhfə verəcək". 

Yunis Abdullayev 
"Cebhe.info"