Gecə vaxtı səs-küy salan şəxsləri hansı cəza gözləyir?

Vətəndaşların bəzi hallarda gecə vaxtı məşiət səs-küyünə görə istirahət hüququ pozulur.
Belə hallar daha çox çoxmənzilli yaşayış binalarında yaşanır. Sözügedən məsələ ilə bağlı çox zaman sosial şəbəkələrdə də şikayətlər oxuyuruq. Lakin narahatlıq yaradan bu məqama qarşı qanunvericilikdə müyyən normativlər əksini tapıb.
Cebhe.info bununla bağlı qanundan çıxarışı təqdim edir.
Sözügedən məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Belə ki, məcəlləyə görə, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə, yəni, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 07-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fikizi şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 min manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Bundan əlavə, ötən il yaşayış binalarında mənzillərarası səs-küyün qarşısını almaq üçün yeni tələblər müəyyənləşib.
Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Normalara əsasən, mənzillərarası divar və arakəsmələrin hava səs-küyündən izolyasiya indeksi 50 dB-dan aşağı olmamalıdır.
Yaşayış otaqlarının daxili və xarici qoruyucu konstruksiyalarının səs izolyasiyası xarici səs-küy mənbələrinin səs təzyiqinin, həmçinin zərbə səs təzyiqinin və mühəndis sistemi avadanlıqlarının, hava ötürücü boruların səs təzyiqinin azaldılmasını təmin etməlidir.
Yüksək nəqliyyat səs-küyü olan ərazidə yaşayış binaları yerləşdirilərkən səs-küyün azaldılması səs əleyhinə xüsusi tədbirlər yolu ilə, o cümlədən təsirli səsdən qoruyucu xüsusiyyətləri olan xarici divar və digər qoruyucu konstruksiyalarından və pəncərə aralığı doldurucularından istifadə etməklə həyata keçirilə bilər.
Mühəndis avadanlığından və digər bina daxili mənbələrdən yaranan səs-küy təyin edilmiş yolverilən səviyyəni və bina daxili səs mənbələri işləmədikdə isə fon göstəricilərini 2 dB-ni aşmamalıdır.
Yolverilən səs-küy səviyyəsinin təmin olunması üçün sanitar cihazlarının və boru kəmərlərinin birbaşa mənzillərarası divarlara və həmçinin, yaşayış otaqlarını ayıran divar və arakəsmələrə birləşdirilməsinə yol verilmir.
Naibə
Cebhe.info