Sürücüləri həm DYP, həm də AYNA cərimələyə bilər: Bəs pul hara xərclənir?

Sürücüləri həm DYP, həm də AYNA cərimələyə bilər:  Bəs pul hara xərclənir?

Xəbər verdiyimiz kimi, REAL partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin qanunsuz cərimə yazdığını iddia edir. 

N.Cəfərli parkinq xidmətindən istifadə etmədiyi halda AYNA tərəfindən 20 manat cərimələndiyini bildirib.

Bu barədə sosial şəbəkə hesabında paylaşım edən siyasətçi AYNA-nın aprelin 19-da yazdığı inzibati protokolla bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

Natiq Cəfərli daha sonra həmin problemə görə AYNA-dan ona zəng edildiyini və məsələ ilə bağlı araşdırma aparıldığını əlavə edib. 

Qeyd edək ki, inzibati protokol İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən tərtib edilib.

Bəs, ümumiyyətlə, AYNA tərəfindən parkinq qaydalarının pozulmasına görə yazılan cərimələr hansı hüquqi sənədə, qanunvericilik aktına əsasən tətbiq olunur? Bu cərimələrdən toplanan vəsaitlər hara yönəldilir? Dövlət büdcəsinə transfer olunur, yoxsa AYNA-nın öz balansında qalır? Əgər bu cərimələr AYNA-nın balansında qalırsa,  AYNA həmin vəsaiti hansı məqsədlərlə istifadə edir? Cərimələrin tətbiqi prosesində texniki xətalar baş verdikdə vətəndaş öz narazılığını necə və hara bildirməlidir? 

“Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, parklanma qaydalarını pozan sürücülərə cərimə yazmaq səlahiyyəti AYNA-ya məxsusdur: 

“Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə, eləcə də nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə İnzibati Xətalar Məcəlləsinin 346-1-ci maddəsində cərimə nəzərdə tutulur. Bu cərimələri yazmaq səlahiyyəti AYNA-ya aiddir. 

Həmçinin nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına, əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına, eləcə də parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə sürücülər həm DYP, həm də AYNA tərəfindən cərimələnə bilər”. 

Tural Orucov qeyd edib ki, parklanma ilə bağlı cərimələr və daxil olan vəsaitin xərclənməsi qaydası müəyyən olunub: 

“Parklanmadan daxil olan vəsaitin xərclənməsi istiqamətləri “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydası”nın təsdiq edilməsi haqqında müvafiq fərmanla müəyyən edilib. Bundan başqa, qanunsuz cərimə iddiası ilə bağlı vətəndaşlar AYNA-nın “141” Çağrı Mərkəzi, elektron poçt ünvanı və agentliyin bütün sosial şəbəkə platformaları üzərindən müraciət edə bilərlər. Araşdırmanın nəticəsi vətəndaşların özlərinə təqdim olunur”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”