Mərkəzi Bank sığorta sektoru üzrə atılacaq addımları açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-2026-cı illər üzrə "Maliyyə sektorunun inkişaf strategiyası" çərçivəsində sığorta sektoru üzrə atılacaq növbəti addımları açıqlayıb.
"Cebheinfo.az" bu barədə AMB-yə istinadən xəbər verir ki, 2024-cü il üzrə sığorta sektoru ilə bağlı işlərin 86.2%-i icra edilib.
Qeyd edilib ki, gecikən fəaliyyət istiqamətlərinə, bank-sığorta tərəfdaşlığı ("Bancassurance") məhsulları üzrə təkliflərin hazırlanması, müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsi üzrə qaydaların yenilənməsi, Həyatın Yaşam Sığortası məhsulunun yenidən dizayn edilməsi daxildir.
Bununla yanaşı, sektor üzrə atılmalı olan növbəti addımlara: “Könüllü sığortalar üçün icbari sığorta məhsullarının tamamlayıcı təminat olaraq təşviq edilməsi üzrə təkliflərin hazırlanması, sərnişinlərin fərdi qəza sığortası (SFQS) məhsulunun yenidən dizayn edilməsi, sığorta agenti institutunun inkişaf etdirilməsi istiqamətində yeni konsepsiyanın hazırlanması, könüllü sığorta sinifləri üzrə şərtlərin müəyyənləşdirilməsi, daşınmaz əmlakın icbari sığortası üzrə qanunvericiliyə dəyişiklik layihəsinin hazırlanması, “Sığortaçılarda korporativ idarəetmə Standartları”nın tətbiqi və monitorinqi istiqamətində fəaliyyətin aparılması daxildir”.
"Cebheinfo.az"