Rüşvət alan gömrükçülər hakim qarşısında

Dövlət Gömrük Komitəsinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsləri - Malik Əliyev, Mehdi Mehrəliyev, Zaman Əbdurəhmanov və Ramin Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirilən Mehdi Mehrəliyev, Zaman Əbdurəhmanov, Ramin Məmmədzadə 25 min manat, Malik Əliyev isə 20 min manat məbləğində cərimə edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il sentyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində işləmiş Malik Əliyev istintaq zamanı həbs edilsə də, məhkəmə zamanı onun həbsi ev dustaqlığı ilə əvəzlənib.
Cinayət işi üzrə təqsirləndirilən Malik Əliyev, Mehdi Mehrəliyev və Zaman Əbdurəhmanova Cinayət Məcəlləsinin 32.5, 206.1 (qaçaqmalçılığa köməklik etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda rüşvət alma), Ramin Məmmədzadəyə isə həmin Məcəllənin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
"Cebheinfo.az"