İsrailin yeni hücumu: 14 nəfər həlak olub

İsrailin yeni hücumu: 14 nəfər həlak olub

Gecə saatlarında İsrail ordusunun Qəzza zolağının müxtəlif şəhərlərində həyata keçirdiyi hücumlarda ən azı 14 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, İsrail döyüş təyyarələri gecə saatlarında Qəzza zolağının cənubundakı Xan Yunis, şimaldakı Qəzza və zolağın mərkəzi hissəsindəki Deyr əl-Bələh şəhərlərini hədəfə alıb.

Fələstinin rəsmi agentliyi “WAFA”-da yer alan xəbərə görə, Xan Yunisin mərkəzindəki Əs-Sikke bölgəsində bir evə təşkil edilən hücumda 2-si uşaq olmaqla 9 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Xan Yunisin Əl-Kətibə məhəlləsinə artilleriya hücumu nəticəsində yaralananlar olub.

Şimalda Qəzza şəhərləri və Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərlərini hədəf alan hücumlarda biri həkim də daxil olmaqla azı 5 nəfər həyatını itirib.

Qeyd edək ki, yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.

Nigar Hacılı 
"Cebheinfo.az"