“ASAN xidmət” təcrübəsi beynəlxalq festivalda

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiya Nazirliyinin dəvəti əsasında Daşkənd şəhərində “Gələcəyin Mühəndisləri” adlı beynəlxalq festivalda iştirak edib.
"Cebheinfo.az" xəbər verir ki, məqsəd sosial innovasiyalar sahəsində baş verən yeniliklərin beynəlxalq auditoriyaya nümayişi, həmçinin bu sahədə təcrübə mübadiləsinin aparılması olub. Tədbir çərçivəsində müxtəlif ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş dəyirmi masada “ASAN xidmət” təcrübəsindən, Dövlət Agentliyi tərəfindən startaplara dəstək və sosial innovasiyalar sahələrində reallaşdırılan layihələrdən söz açılıb.
Həmçinin bu istiqamətdə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti barədə geniş təqdimat edilib və iştirakçıların sualları cavablandırılıb. Malayziyanın müvafiq sahə üzrə fəaliyyət göstərən qurumu ilə keçirilən görüşdə dövlət xidmətlərində texnologiyaların tətbiqi və sosial innovasiyalar sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb. Dövlət Agentliyinin nümayəndəsi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin nümayəndələri arasında da görüş keçirilib.
Tərəfər 2024-cü ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin Özbəkistana səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nın icrası çərçivəsində görülmüş işlərə və həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərə dair ətraflı müzakirələr aparıblar.
Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiya nazirinin müavini ilə keçirilmiş görüş zamanı müvafiq istiqamətlər üzrə birgə əməkdaşlıq proqramının hazırlanmasına dair razılığa gəlinib.
Nigar
"Cebheinfo.az"