DEM Partiyadan Ərdoğanla görüş barədə AÇIQLAMA

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) Prezident Rəcəb Tayyib Ərdoğanla keçirilən görüş barədə açıqlama yayıb.
“Cebheinfo.az” xəbər verir ki, partiyanın yazılı açıqlamasında görüşün son dərəcə müsbət keçdiyi vurğulanıb.
Sözügedən açıqlamanı təqdim edirik:
“Prezident Rəcəb Tayyib Ərdoğan və nümayəndə heyəti ilə görüşümüz son dərəcə müsbət, konstruktiv, məhsuldar və gələcəyə ümid dolu bir atmosferdə keçdi. Prosesdə əldə olunan məqamın əhəmiyyəti təsdiqləndi və növbəti mərhələlər qarşılıqlı olaraq dəyərləndirildi. Zorakılığın və qarşıdurmanın olmadığı, demokratik və siyasi sferanın güclənəcəyi bir dövr ölkəmiz, vətəndaşlarımız və regionumuz üçün həyati əhəmiyyət kəsb etdiyi ifadə olundu.
Nümayəndə heyətimiz və partiyamız qarşıdakı dövrdə daha da güclü iradə və qayğı ilə Sülh və Demokratik Cəmiyyətə Çağırışın həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Bu gün dünənkindən daha ümidli olduğumuzu bütün ölkəmizə çatdırmaqdan şərəf duyuruq. Bu günə qədər öz təklifləri, xəbərdarlıqları və tənqidləri ilə prosesə güc qatan bütün siyasi partiyalara, eləcə də ictimai təbəqələrə təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, ötən gün Prezident Rəcəb Tayyib Ərdoğan PKK terror qruplaşmasının lideri Abdulla Öcalanla görüşən DEM Partiyasının heyətinin üzvləri, deputatlar Pervin Buldan və Sırrı Süreyya Öndəri qəbul edib. Görüş 1 saat 25 dəqiqə davam edib.
Elmir Mustafa
“Cebheinfo.az”