4 ay sonra oğu ilə danışan əsir anası: "Dedi ki, sən oğlunu tanımırsan?!”

4 ay sonra oğu ilə danışan əsir anası: "Dedi ki, sən oğlunu tanımırsan?!”

“Nəhayət, 4 aydan sonra mən də balamı gördüm, onunla danışa bildim. Zəifləyib, amma hər şey əvvəlkinə nisbətən indi yaxşıdır. Əvvəlki yaraları sağalıb”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova deyib. Əsir hərbçinin anası oğlundan zəng gələndə xəstəxanada olduğunu bildirib:

“Mən neçə gündür xəstəxanada yatıram, elə ancaq mənə dedi ki, ağlama. Bax, görürsən, mən gülürəm, sən də gül. Heç gör mən ağlayıram? Hər şey yaxşı olacaq. Sən oğlunu tanımırsan?! Mən dözümlüyəm, sən özünə yaxşı bax ki, mənim işlərimi görə biləsən”. Bir neçə aydır oğlunun səsini eşitməyən, üzünü görməyən ana övladının gözlərindəki qorxunu hiss etdiyini vurğulayıb:

“Az danışdıq, ürəyim dolu idi. Hamı mənə dedi ki, bir az sakit dur, o da danışsın. Heç uşağa imkan vermədim, çaşdım. Mən ona körpəlikdən “aşkım”, “həyatım” demişəm, evin sonbeşiyidir. Gözlərindəki qorxu hissini görürdüm, onlara baxa-baxa danışan uşaq necə olar? Hər addımı izlənilir, gözü onlarda qalıb, yanında tərcüməçi var. Dedi ki, tərcüməçi tez-tez yanıma gəlir, mənimlə maraqlanır, siqaretimi, yeməyimi-içməyimi verirlər. Bildim ki, elə deməlidir. Düşman əlində olan uşaq nə deməlidir ki?!”

Qeyd edək ki, ötən gün Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundov ailəsi ilə əlaqə saxlayıb.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunaraq həbs ediliblər. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.

Günay Şahmar
Cebhe.info