Sürüşmənin fəsadı: Kəndin aqibəti çox acınacaqlı ola bilər

Sürüşmənin fəsadı: Kəndin aqibəti çox acınacaqlı ola bilər

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi olub.

“Cebhe.info” xəbər verir ki, torpaq sürüşməsi nəticəsində bir neçə fərdi yaşayış evi təhlükəli vəziyyətlə üzləşib. Buna səbəb son zamanlar şimal-qərb bölgəsində aramsız yağan yağışların sürüşmə zolaqlarını aktivləşdirməsi olub. Leysandan əsasən dağətəyi ərazilərdə olan evlər zərər çəkib. Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi bir-iki gün davam etsə, kənddə yaşamaq mümkün olmayacaq. Bundan başqa, dağlardan sel suları ilə gələn gil qatı həyətyanı sahələrdə də bir sıra çətinliklər yaradıb.

Problemlə bağlı kənd sakini Fərhad Nəsirov “Cebhe.info”-ya açıqlmasında deyib ki,  hazırda kənddə yaşamasa da, tez-tez yolu ora düşür:

“Mən həftədə bir necə dəfə Qaraməryəm kəndindən Qoydan kəndinə işimlə əlaqədar getməli oluram. Lakin bu səfər gələndə gördüklərim məni yaman təəccübləndirdi. Kəndin durumu çox acınacaqlıdır. Təsəvvür edin ki, onsuz da çətin durumda olan kənd sakinlərinin durumunu bu dəfə təbii fəlakət çətinləşdirib. 

Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirsələr də, hələlik heç bir ciddi tədbir görülməyib. Əgər ciddi tədbir görülməsə, kəndin aqibəti çox acınacaqlı ola bilər”. 

Məsələ ilə bağlı Qoydan kənd icra nümayəndəsi Vüqar Bəşirov isə bildirib ki, aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçiriblər:

“Şəkillər çəkilib, koordinatlar götürülüb. Layihə smeta sənədlərinin hazırlanması işləri davam etdirilir. Yaxın gələcəkdə həmin ərazidə yaşayan insanların təhlükəsizliyinin qorunması üçün lazımı addımlar atılacaq”. 

Həsən Məmmədov 
“Cebhe.info”