Çin ABŞ məhsullarına tarifləri 125 %-ə qaldırır

Aprelin 12-dən etibarən Çin ABŞ-dən idxal olunan mallara tətbiq olunan gömrük rüsumlarını 84 %-dən 125 %-ə qaldırır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Çin Maliyyə Nazirliyi məlumat yayıb.
Pekin bu qərarını ABŞ Prezidenti Donald Trampın Çin mallarına tətbiq edilən rüsumları 125 %-ə qaldıracağını elan etməsindən iki gün sonra açıqlayıb.
Çin Maliyyə Nazirliyinin bəyanatında bildirilir ki, əgər Vaşinqton “Çinin maraqlarını ciddi şəkildə pozmağa davam edərsə”, Pekin də cavab tədbirlərini davam etdirəcək və “sonadək mübarizə aparacaq”.
Xatırladaq ki, aprelin 2-də Tramp Çin mallarına gömrük rüsumlarını 34 %-ə qədər artırmışdı. Pekin isə eyni həcidə cavab vermişdi.
Daha sonra Tramp əlavə olaraq 50 % rüsum tətbiq edərək ümumi göstəricini 104 %-ə çatdırmışdı. Aprelin 9-da isə Pekin bu addıma da cavab verərək öz rüsumlarını 84 %-ə qədər yüksəltmişdi. Tramp isə növbəti dəfə çıxış edərək Çin mallarına tətbiq olunan rüsumların 125 %-ə qaldırılacağını bildirib.
Səbinə Uğur
"Cebheinfo.az"