Azərbaycanda nikahların artmasında ŞOK SƏBƏB

Azərbaycanda nikahların artmasında ŞOK SƏBƏB

Ölkədə nikahlarn sayında artım müşahidə edilir. 

Belə ki, mayın 25-də, yəni 25.05.2025 tarixində Azərbaycanda qeydə alınan nikahların sayı adi günlərlə müqayisədə kəskin artıb. Həmin gün ölkə ərazisində ümumilikdə 496 nikah rəsmiləşdirilib.

Məhz bu rəqəm il üzrə orta gündəlik göstəricidən xeyli yüksəkdir. Başqa bir məlumata görə, 2025-ci ilin ilk üç ayında Azərbaycanda 11 min 206 nikah qeydə alınıb. Bu isə gündə orta hesabla 124 nikah deməkdir. 25 mayda isə bu göstərici dörd dəfə artaraq 496-ya çatıb. Bunun əs səbəbi kimi 25.05.2025-in xalq arasında deyildiyi kimi “zekalnı”, yəni yaddaqalan tarix olmasıdır. Evlənən cütlüklər əvvəlcədən bu tarixi müəyyənləşdiriblər.
 
Əvvəlki illərin statistikasına baxdıqda da fərq nəzərə çarpır. 2024-cü ildə ölkədə ümumilikdə 49 508 nikah bağlanıb. Bu, gündə orta hesabla 135 nikah deməkdir. 2023-cü ildə isə günə orta hesabla 149 nikah bağlanıb.

Ümumiyyətlə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 11 min 206 nikah və 4 min 765 boşanma halları qeydə alınıb.Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb. Qeyd edək ki, ölkədə nikahların sayı əvvəlki illərdə azalmaqda idi ki, bu da müxtəlif səbəblərlə izah edilirdi. Yəni bu, gənclərin artıq yuxarı yaşlarda evliliyə üstünlük verməsi ilə yanaşı, sosial problemlərlə əlaqələndirilirdi.

Hazırda da bu amillərin mövcud olmasına baxmayaraq, nikahlarda artımın olması daha bir səbəblə əlaqələndirilir. Bu isə qohum nikahlara tətbiq olunacaq qadağa ilə bağlıdır. Vətəndaşlar qohum nikahları ilə qadağanın yaxın zamanda qüvvəyə minəcəyini nəzərə alaraq, son zamanlar nikah mərasimlərinin sayını daha da artırıblar.

Qeyd edək ki, Ailə Məcəlləsinə 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”