Burun əməliyyatında ölən Nəzrinin məhkəməsi yarımçıq qaldı: “Yoldaşım həkimi görəndə...”

Burun əməliyyatında ölən Nəzrinin məhkəməsi yarımçıq qaldı: “Yoldaşım həkimi görəndə...”

Xəbər verildiyi kimi, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. 

Bu barədə Nəsimi Rayon Prokurorluğu məlumat yayıb. İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. 

Burun əməliyyatından sonra komaya düşərək həyatını itirən 30 yaşlı Nəzrin Mansurovanın atası Aydın Abışzadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, iyunun 5-nə təyin olunan məhkəmə prosesi təxirə salınıb: 

“Məhkəmə təxirə salındı. Çünki yoldaşım etiraz etdi, hirsləndi. Həkimi gətirmişdilər, o, şüşənin arxasında oturmuşdu. Yoldaşım onu görəndə kriz keçirdi, həyəcanlandı. Buna görə də birinci məhkəmə yekunlaşmadı. İyunun 13-də məhkəmə yenidən keçiriləcək. Çünki proses yarımçıq qaldı”. 

Aydın Abışzadə qeyd edib ki, məhkəmə prosesində nə onun, nə də həyat yoldaşının zərərçəkmiş kimi hüququ tanınıb: 

“Məhkəmədə mənim və yoldaşımın zərərçəkmiş kimi heç bir hüququmuz yoxdur. Biz zərərçəkmiş kimi qeydiyyata alınmamışıq. Ona görə də nə söz demək, nə də etiraz etmək haqqımız var. Hüquqi varis kürəkənimizdir və şikayətçi də odur. Biz yalnız şahid qismində ifadə verəcəyik. Məhkəmədə bizi neçə dəfə dindirəcəklər, bilmirəm. Birinci məhkəmə yekunlaşandan sonra baxacağıq görək biz də  şikayət edə bilərikmi”. 

Xatırladaq ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra Nəzrin Mansurovanın vəziyyəti ağırlaşıb. O, komaya düşərək vəfat edib. Bu, cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. 

Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırılıb və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və cəzası çəkilmiş hesab olunub. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”