Evi məzarına çevrilənlər: Mühafizə orderi qadınları necə qoruyur?

Evi məzarına çevrilənlər: Mühafizə orderi qadınları necə qoruyur?

2022-ci il martın 15-də Bakıda daha bir qadın qətlə yetirildi.

Qadın qətllərinin heç də az olmadığı ölkəmizdə bu xəbər həm də ona görə böyük narahatlıq yaratdı ki, 1995-ci il təvəllüdlü ü.H-nı əri nə evdə, nə küçədə-qadının gözlənilən zorakılıqdan qaçaraq pənah apardığı sığınacaqda öldürdü.

Qadın zorakılıqdan qurtulmaq, bəlkə də öldürülməmək üçün getdiyi sığınacaqda da öldürülürsə, o zaman heç də qəfil olmayan bu ölümlərdən necə qorunmaq olar?

Cəmiyyəti qorxudan rəqəmlər

*Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə Azərbaycanda 807 qadın məişət zorakılığı cinayətlərinin nəticəsində zərər çəkib və 29 qadın öldürülüb.

*2018-ci ildə 915 qadın zərər çəkib və 42 qadın öldürülüb, cinayətə məruz qalan 26 qadının həyatı xilas edilib.

*2019-cu ildə məişət zorakılığından 1038 qadın zərər çəkib, 37 qadın öldürülüb, 24 qadının həyatını xilas etmək mümkün olub.

*2021-ci ildə ölkəmizdə 70 qadın öldürülüb, 24 qadın isə xəsarət alıb.

*Azərbaycanda 2022-ci ilin 11 ayında 71 qadın qətlə yetirilib.

Dünyada isə hər gün partnyoru və ya ailə üzvü tərəfindən 137 qadın öldürülür.Bu statistika Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıq İdarəsinin (UNODC) yaydığı məlumatda yer alıb.Məlumatda deyilir ki, qadının öldürülməsi ehtimalı ən yüksək olan yer onun yaşadığı evidir.

Qala yox, məzar olan evlər

Göründüyü kimi, artıq qadınlar üçün “Mənim evim mənim qalamdır” deyimi yox, “Mənim evim mənim məzarımdır” deyimi daha aktualdır.Aktual olduğu qədər də dəhşətlidir.

Qadın qətllərini digər qətllərdən fərqləndirən bir cəhət var, bu cinayətlər çox zaman əvvəlcədən məlum olur. Daim fiziki, mənəvi, iqtisadı, seksual zorakılığa məruz qalan qadının günlərin birində qətlə yetilməyəcəyinə zəmanət yoxdur. Qadın ona dəyən hər sillədə ölümünə daha bir addım yaxınlaşır. Qadın qətlləri çox zaman ehtiyatsızlıqdan, yaxud affekt vəziyyətində törədilmir, qarşı tərəf buna bəzən illərlə bəlkə özü də bilmədən hazırlaşır və qarşısındakını da hazırlayır.

Ancaq çox zaman adına mentalitet dediyimiz nəsnələr, mövcud şərait, ətrafın basqısı, vəziyyətin düzələcəyinə olan ümid ölümü addım-addım yaxınlaşdırır. Bir sözlə, ölüm “gəlirəm” deyir. Gözlənilən ölümdən qurtulmağın yolu yoxdurmu? İndi zorakılığa məruz qalan qadınları da, cəmiyyəti də bu sual maraqlandırır. Çoxları bunun yolunun cəmiyyətin yanaşmasında dəyişiklik, mental dəyərlərin tədricən sıradan çıxması, cəzaların daha da sərtləşdirilməsi, maarifləndirmə tədbirlərinin artırılmasında görsələr də, bunlar təsirini daha uzun müddət sonra göstərəcək, yəni gələcəyə hesablanmış addımlardır.

Mühafizə orderi qadına ümid ola bilirmi?

Qadını gözlənilən ölümdən qurtaracaq və qanunla təsbit edilmiş daha bir tədbir var-mühafizə orderi. Əksər ölkələrdə qadın qətllərinin, zorakılığın qarşısının alınmasında xüsusi təsirə malik olan mühafizə orderi Azərbaycanda necə işləyir?

2010-cu ildə qəbul edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda“Mühafizə Orderi” adlı bənd var. Həyat yoldaşı, övladları və yaxınları tərəfindən zorakılığa məruz qalan hər bir şəxs bu imkandan yararlana bilər. Zərərçəkmiş şəxsə iki cür – qısamüddətli və uzunmüddətli mühafizə orderi verilə bilər.Qısamüddətli mühafizə orderi 24 saat ərzində zərərçəkmiş şəxsin qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 gün müddətinə verilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bütün icra hakimiyyətlərində monitorinq qrupu var.Bu zaman məişət zorakılığı törətmiş şəxsə bu əməlin təkrarlanmaması barədə xəbərdarlıq edilir, onun zərər verdiyi şəxsi izləmək və ya narahatlıq gətirən digər hərəkətlərə yol verməsi qadağandır.Əgər qadağalara riayət edilməzsə, şikayətçi uzunmüddətli mühafizə orderi ala bilər. Bu isə yerli məhkəmələr tərəfindən 30 gündən 180 gün müddətinə verilir.

Mühafizə orderi əldə edən şəxs ona dəyən mənəvi və maddi zərərlərin qarşılığını tələb edə bilər. Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə, məhkəmə qətnaməsinin icra edilməməsinə görə zorakılıq törətmiş şəxs 3 ilədək azadlıqdan məhrum edilir.

Zorakılığa məruz qalan çox, mühafizə orderi alan az...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkəmizdə 40, 2021-ci ildə 73mühafizə orderi verilib. 2021-ci ildə orderlərin 4-ü uzunmüddətli, 69-u isə qısamüddətli olub. 2022-ci ildə 146 qısamüddətli, 12 uzunmüddətli mühafizə orderi verilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bu sayın az olmasına səbəb hüquqi boşluq olmasıdır.

Müqayisə üçün bir faktı vurğulayaq ki, 2022-ci ildə təkcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 544 müraciət daxil olub ki, zorakılıq törədənlərin 470 nəfəri kişidir. Yəni kişilərin törətdiyi 470 zorakılıq faktına qarşı ancaq 158 qadın mühafizə orderi alıb.

Dövlət Komitəsi də narahatdır

Məsələ o dərəcədə aktualdır ki, bu il fevralın 22-də “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” hesabatının təqdimatı ilə bağlı yekun konfransda da müzakirə edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, ölkəmizdə mühafizə orderlərinin tətbiqi ilə bağlı müəyyən çətinliklər var. Bu da mühafizə orderi məsələsinin düzgün dərk edilməməsi və onun tətbiqi sahəsində nöqsanlarla bağlıdır. Bir qayda olaraq qısamüddətli mühafizə verilir, təhlükə davam etdikcə uzunmüddətli mühafizə orderlərinin verilməsi gecikir. Bununla bağlı təkliflər paketi hazırlanıb. Bura zərərçəkmiş şəxslərin müdafiəsi üzrə çevik və adekvat mühafizə mexanizminin yaradılması, pulsuz hüquqi yardım verilməsi daxildir.

Mühafizə orderi ala bilmədi və öldürüldü

Bu təkliflərin nə vaxt və necə qəbul ediləcəyi hələlik məlum deyil. Məlum olan odur ki, qadınların mühafizəsi institutu lazımı qədər işləmir və zorakılığa məruz qalan qadınlar özləri də qanunların yaratdığı bu imkandan yararlanmaqda heç də həmişə maraqlı olmurlar.2019-cu ilin yanvarında Masallıda əri tərəfindən öldürülən A.D. hadisədən əvvəl mühafizə orderi üçün vəkilə müraciət edib. Vəkil Fariz Namazlı ona mühafizə orderinin verilməsi üçün icra hakimiyyətinə ərizə yazsa da, yaşayış yeri olmadığından ona mühafizə orderi verilməyib. Bundan bir müddət sonra isə əri qadın tərəfindən öldürülüb.

“Özlərini ölümə tərk edirlər”

Müşahidə və statistika da göstərir ki, qadınlar mühafizə orderinin onları ölümdən qoruyacağına inanmır. Psixoloq Gülnar Orucova Cebhe.info-ya bunun səbəbindən danışarkən deyib ki, qadınlar, nəinki mühafizə orderi almaq üçün müraciət etmir, hətta bunu gizlətməyə çalışırlar:

“Yaxud sonradan barışıq olduğu üçün bu məsələlərin üstündən keçirlər və bəzən də bu münasibət ölümlə nəticələnir. Azərbaycanda bir məsəl var. Deyirlər ki, yaxşı at özünə qamçı vurdurmaz. Yəni döyülən qadını bəzən, hətta yetkili orqanlar belə günahkar çıxarmağa çalışır.

Bəzən qadın döyüldüyü üçün müraciət edir, ancaq ciddi qəbul olunmur. Buna görə də müraciətdən yayınır, ailələr bunu gizlətməyə çalışır. Bəzi qadınlar isə orderin onları qorumayacağını düşünərək özlərini ölümə tərk edirlər. Ərindən şiddət görür, ailəsi də qəbul etmir, utandığından heç sığınacağa da müraciət etmir. Azərbaycan qadını, məhz utandığı üçün zorakılığa məruz qalır”.

Məhkəmə qadından 3 ayı “kəsir”

Zenfira Mustafayevanın rəhbərlik etdiyi “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinə bu il qısamüddətli mühafizə orderi üçün 4, uzunmüddətli order üçün 5 nəfər müraciət edib:

“Onlar hüquqşünasımızın yazdığı hazır ərizə ilə icra hakimiyyətinə müraciət edir. Sumqayıtda İcra Hakimiyyəti məsələyə kifayət qədər ciddi yanaşır və bir növ özünü də gələcək xoşagəlməz hadisədən sığortalayır. Uzunmüddətli mühafizə orderini qanunda nəzərdə tutulan kimi 6 yox, 3 aylıq verirlər. Bu da qadını həmin müddət bitdikdən sonra təhlükəyə salır.

İkinci dəfə müraciət ediləndə məhkəmə bundan imtina edir. Çünki eyni hal üzrə iki dəfə müraciət mümkün deyil. Başqa bir problem cütlüyün birgə yaşadıqları evlə bağlı olur. Ev çox zaman ata-ananın, yaxın qohumun olur, uzunmüddətli mühafizə orderi veriləndə kişini o evdən çıxarmaq mümkün olmur. Qadının da gedəcəyi yer olmadığından onunla bir evdə yaşamalı olur ki, bu da zorakılığa səbəb olur”.

Təhlükədən qaçan qadından üstəlik pul da da tələb edirlər

Vəkil Əsabəli Mustafayev də mühafizə orderi ilə bağlı problemləri sadalayır:

“İcra hakimiyyəti öz ərazisində məişət zəminində zorakılığın olmasını rəsmən etiraf etməkdən yayınır, ancaq müsbət məsələləri ictimailəşdirir. Bir səbəbin bununla bağlı olduğunu ehtimal edirəm. Ancaq təcrübəsizlik və digər problemlər də ola bilər”.

Başqa bir problem order üçün müraciət edən qadından bəzən dövlət rüsumu tələb edilməsidir. Vəkil deyir ki, “Dövlət rüsümü haqqında” qanuna görə, məişət zorakılğı ilə bağlı məhkəməyə müraciət rüsumdan azad olunmayıb:

“Yəni rüsumdan azad olunan hallar sıyahısında məişət zorakılığı ilə bağlı bənd yoxdur. Məhkəmə bunu əsas gətirərək bəzən mühafizə orderi alan şəxsdən rüsum ödəməyi tələb edir və işi baxılmamış saxlayır. 5 haldan 3-də isə hakim başa düşür ki, şəxsin həyatı təhlükədədir, rüsum tələb etmir”.

Problemlər bununla da bitmir. Mühafizə orderinin icraçısı polis orqanları sayılır və iş yaşayış yeri üzər polisə göndərilir. Ancaq təcrübədə orderin icrası üçün çox vaxt qabaqlayıcı tədbirlər görülmür. Vəkil deyir ki, polis orqanlarında mühafizə orderləri ilə bağlı ixtisaslaşmış şöbə və əməkdaş yoxdur.

Çıxış yolları nədir?

Vəkil problemlərin həlli ilə bağlı ixtisaslaşmış şəxslər və təlimatın olmasını təklif edir:

“ABŞ-da zorakılıq törədən şəxs yaşayış yerini dəyişsə belə, mütləq polisdə zorakılığa meyilli şəxs kimi qeydiyyata düşür. Bizdə də icranı ciddiləşdirmək, xüsusiləşmiş şöbələr, psixoloqlar ayırmaq lazımdır. Mühafizə orderinin müddəti bitəndə məhkəmə ikinci dəfə bu işə baxmır. Hüquqi yanaşma doğru ola bilər, çünki eyni predmet eyni tərəflər arasında eyni əsaslarla mübahisələndirilə bilməz.

Ancaq məhkəmə bu praktikanı aradan qaldırmalıdır. ümumiyyətlə, mühafizə orderini iki yerə bölmək lazım deyil. Çünki qısamüddətli order 99 faizdə uzunmüddətli orderə çevrilir. Ona görə də təklif edirik ki, order uzun müddətə məhkəmə tərəfindən verilsin, icra müddəti də məsələ tam həll olunanda bitsin. Şəxs müalicə olunsun, psixoloji dəstək alsın, qadına təhlükə törətməyəndə orderə xitam verilsin”.

Digər təklif məişət zorakılığı qurbanlarının müraciətinin dövlət rüsumundan azad olunmasının qanunda açıq mətnlə əksini tapmasıdır:

“Bu, həmçinin pulsuz hüquqi yardımla bağlı məsələdir. Bu insanların pulsuz hüquqi yardımdan yararlanmaq hüququ tanınmalıdır. Təəssüf ki, qanunda bu tənzimləmə yoxdur. Bu həssas sosial qruplardan olan şəxslərə mülki işlərdə pulsuz hüquq yardım göstərilməsi barədə təklif parlamentə də göndərilib”.

“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da məsələyə kompleks yanaşma tərəfdarıdır:

“Hamını həbs etmək olmaz, zorakılığa meyilli şəxslərlə psixoloji mərkəzlər işləməli, tərəflər o mərkəzə göndərilməli, psixoloq, psixiatrlar rəy verməlidir. Bu resurslar var, sadəcə mexanizm formalaşdırılmalıdır. Məhkəmə qərarı olmasa, zorakılıq törədən şəxsi psixoloji müayinəyə aparmaq mümkün olmayacaq. Bu mexanizm Nazirlər Kabineti tərəfindən konkret müəyyənləşdirilməlidir”.

Göründüyü kimi, qadınların mühafizəsi üçün hüquqi əsas var, amma eyni zamanda problemlər də çoxdur. Problemlərin bir hissəsi mentalitetdən, psixologiyadan, digər hissəsi qanun və icra mexanizmindəki boşluqdan qaynaqlanır. Nəticədə az qala hər günü qadın qətlləri ilə bağlı xəbərlərlə açırıq...

Yazı “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda məişət zorakılığına qarşı mübarizə” layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur.

Elnarə Kərimova
Cebhe.info