“Qızımı həmin gün 2 dəfə xilas etmişdik, əcəl apardı...”: 4 yaşlı Nərminin anası

“Qızımı həmin gün 2 dəfə xilas etmişdik, əcəl apardı...”: 4 yaşlı Nərminin anası

Xəbər verdiyimiz kimi, iyulun 9-da saat 18 radələrində Qəbələnin Vəndam qəsəbəsində 4 yaşlı qız valideynləri ilə birgə kirayə qaldıqları evin həyətindəki hovuza düşərək boğulub.

"Cebheinfo.az" xəbər verir  ki, mərhum Nərmin İsmayılovanın anası Aytac İsmayılova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə bir anda baş verib.

Valideynin sözlərinə görə, boğulmadan əvvəl də övladı 2 dəfə ölümlə üzləşib:

“Hadisə baş verən gün biz marketə getmişdik, orada qızımı az qala, maşın vuracaqdı, son anda avtomobilin altından çıxardıq. Elə həmin gün Nərmin atası və digər qızımla birgə hovuzda olarkən də boğulma təhlükəsi ilə üzləşmişdi, boğazına su getmişdi və çox qorxmuşdu. Atası dərhal hovuzdan çıxarmışdı və uşaq qorxduğu üçün bir də hovuza girməyəcəyini deyirdi. Elə bil qızımın əcəli gəlmişdi, onu əcəl apardı”.

Nərminin son fotosu

A.İsmayılova əlavə edib ki, ölümlə nəticələnən hadisə 4 yaşlı qızının hovuzun kənarında yıxılmasından sonra baş verib:

“Qızım oradan keçəndə sürüşüb yıxılıb, qulaq nahiyəsində göyərti izi də qalmışdı. Yıxılıb xəsarət alandan sonra hovuza sürüşüb düşüb. Hər şey 2 dəqiqədə baş verib, mən evdə idim, çölə çıxanda artıq gec idi”.

Qeyd edək ki, ailə yaşadıqları Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsindən Qəbələyə istirahətə gedibmiş və Vəndamda kirayə tutduqları “A-Frame” tipli evdə qalırlarmış. Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

"Cebheinfo.az"