Hakerlər balları artıra bilir? - DİM-dən cəlbedici təkliflərə CAVAB

Hakerlər balları artıra bilir? - DİM-dən cəlbedici təkliflərə CAVAB

Ölkədə ali məktəblərə qəbul imtahanları başlayıb. 

Son günlər “TikTok” və “İnstagram” kimi sosial şəbəkələrində müxtəlif profillər haker xidmətləri ilə blok imtahanında cavablara müdaxilə təklif edirlər. Onlar bu müdaxilə vasitəsilə cavablar emal olunmazdan əvvəl balları artıracaqları vədini verir və daha ətraflı məlumat üçün “İnstagram”-a keçid təklif olunur. İmtahan cavablarına müdaxilə mümkündürmü və bu təkliflərlə bağlı Dövlət İmtahan Mərkəzi hüquq-mühafizə orqanlarına müraciət edibmi?

 Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirlib ki, son vaxtlar sosial şəbəkələrin monitorinqi “Instagram”, “TikTok” və xüsusilə “Telegram”-da saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kəsrlərin düzəldilməsi, hər hansı imtahan ballarının artırılması, və s. qeyri-real çağırışlar etməklə dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunduğunu göstərir: 

"Abituriyentlər diqqətli olmalı və sosial şəbəkələrdə bu tip təhrikedici təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər. Həmin şəxslər hətta başqa saxta hesablar vasitəsilə öz postlarının altında güya onlara kömək göstərildiyini yazırlar. 

İstifadəçilər ayıq olmalı, dələduzların toruna düşməməli və belə süni çağırışlara məhəl qoymamalıdırlar. Hər kəs öz biliyinə güvənməli və dərk etməlidir ki, yalnız imtahanda iştirak etməklə müəyyən bal toplaya bilər və həmin bala kimsə müdaxilə edə bilməz. İstifadəçilər konkret aldadılma faktlarıı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"