Qohum evlilikləri: Sağlam ailələrin formalaşması üçün təhdiddir?

Qohum evlilikləri: Sağlam ailələrin formalaşması üçün təhdiddir?

Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan ediləcək.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Buna səbəb isə qohum evliliklərinin bir sıra fəsadların meydana çıxmasıyla nəticələnməsidir. İcitmaiyyət üçün maraqlı olan bu məsələ ilə bağlı fikir birmənalı deyil. Bir qrup xüsusilə tibbi nöqteyi-nəzərdən qadağaya tərəfdar olsa da, digər qrup bunun fəsadlarının olacağını, xüsusilə qeyri-rəsmi nikahları artıracağını deyir.

Məsələ ilə bağlı "Cebhe.info"-ya açıqlamasında sosioloq Əhməd Rəhmanov bildirib ki, hüquqi tərəfdən yanaşılsa, əslində bu evliliklərə qadağa qoymaqla insanların fundamental hüquqları pozulur:

"Çünki insanların seçim hüququ var. İkincisi, bu məsələ elmdə tam araşdırılmayıb. Buna görə də kortəbii şəkildə qadağa qoyulması düzgün deyil. Biz öz ətrafımızda baxsaq, qohum evliliklərinə rast gələrik. Hazırda mənim ətrafımda olan belə ailələrin övladları tam sağlamdır. Amma qohum olmayan şəxslər də var ki, onların uşaqları xəstə doğulur. Burada insanlar arasında qohumluq yox, genetik uyğunsuzluq anlayışı var”.

Ekspertin fikrincə, bu qadağa düzgün deyil:

“Genetik uyğunsuzluq isə bu cür həll oluna bilər ki, ailə qurmaq istəyən cütlüklər müayinədən keçsinlər, genetik uyğunluqlarını sübut etsinlər. Bu məsələyə elmi tərəfdən yanaşmaq lazımdır. Biz cəmiyyət kimi ailə institutunu qorumaq istəyiriksə, insanların sosial rifahını qaldırmalıyıq. Sosial rifah yaxşı olarsa, ailələrdə bu kimi problemlər aradan qalxacaq".

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə qeyd edib ki, Azərbaycanda yetərincə genetik problemləri olan insan var:

"Bunlardan biri hemoqlobin patalogiyalarıdır. Ölkədə talassemiya xəstələri az deyil. Qohum evlilikləri də bu riski daha da artırır.  Çünki sağlam gen götürmə imkanı xeyli aşağı düşür. Əgər yaxın qohumlarda hər hansı genetik xəstəlik varsa, onun uşağa keçmə ehtimalı kifayət qədər yüksəkdir.

Bu baxımdan qohum evliliklərinin qarşısının alınması genefondun sağlam olması naminə atılmış addımdır. Bunun əleyhinə getmək yox, əhalini maarifləndirmək lazımdır. İnsanlar bunu anlayışla qarşılasalar, buna əvvəlcədən getməzlər".

Ləman İsmayıl
"Cebhe.info"