Ağ ayının ölümü Qazaxıstan və Çexiyanı üz-üzə qoydu

Ağ ayının ölümü Qazaxıstan və Çexiyanı üz-üzə qoydu

Qazaxıstanın Almatı zooparkında yaşayan ağ ayı Tom ölüb.

Modern.az xəbər verir ki, martın sonunda o, Çexiyanın paytaxtı Praqadan gətirilib.

Praqa Zooparkının direktoru Miroslav Bobekin yazıb ki, Almatı Zooparkı Tomun ölümündən 18 gün sonra - 22 mayda onlara xəbər verib. Almatı Zooparkı ayının ölümünün səbəbi kimi "burun keçidlərinin selik və nekrotik maddə ilə tam tıxanması ilə frontal və burun boşluqlarının xroniki çürük iltihabı nəticəsində bədənin intoksikasiyası kimi göstərib.

Almatı Zooparkından verilən məktubda deyilir: “Bu, uzun müddətdir davam edən xəstəlikdir, ayı sizin zooparkda olanda artıq xəstə imiş. Yarılmanın bütün fotoşəkilləri sizə göndəriləcək".

Praqa Zooparkının direktoru Miroslav Bobek isə Tomun martın 28-də Praqanı “heç bir xəstəlik əlaməti olmadan” tərk etdiyini iddia edir. Onun sözlərinə görə, Praqada heyvanın vəziyyəti ilə bağlı son məlumat aprelin 15-də alınıb. Həmin vaxt Almatıdakı həmkarları ayının "yaxşı olduğuna" əmin olublar.

Daha sonra Praqa zooparkı heyvanla bağlı heç bir xəbər almayıb və ayını ziyarət etmək üçün Qazaxıstana işçi göndərmək qərarına gəlib. Lakin mayın 22-də Tomun ölümü barədə onlara məlumat verilib.

Ağ ayı Tom 2007-ci ildə Çexiyanın Brno şəhərində anadan olub, lakin həyatının böyük hissəsini - demək olar ki, 15 ilini Praqa Zooparkında keçirib. Keçən il onunla birlikdə yaşayan Berta adlı dişi ayı xərçəngdən ölüb. Onlar heç vaxt nəsil verməyiblər. Bu, qismən 1933-cü ildə tikilmiş çox dar saxlanma yeri ilə izah edilib.

Tom tək qalandan sonra onu Qazaxıstana göndərmək qərara alınıb. Bildirilib ki, bu tövsiyəni Avropada şimal ayılarının yetişdirilməsini koordinasiya edən Avropa Zooparklar və Akvariumlar Assosiasiyasının mütəxəssisləri verib. Onlar hesab ediblər ki, Qazaxıstandakı zooparkda Tomun daha yaxşı yaşayış şəraiti olacaq və onun nəsli davam edəcək.

Beynəlxalq Təbiəti Mühafizə İttifaqı qütb ayılarını həssas növlər siyahısına daxil edib. Təbiətdə təxminən 20-30 min belə ayı qalıb.

"Cebhe.info"