Mahir Emreli: “Buradakı karyeram qısa, amma gözəl idi”

Ötən gün Bundesliqa 2-də “Braunşveyq”lə oyunda het-trik edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli qarşılaşmadan sonra açıqlama verib.
"Cebheinfo.az" xəbər verir ki, forvard yollarını ayırdığı Almaniyanın “Nürnberq” klubu ilə bağlı fikirlərini bölüşüb:
“Nürnberq” karyeram qısa, lakin çox gözəl idi. İndi başa çatması üzücüdür. Amma bu şəkildə vidalaşa bildiyim üçün şadam”.
Emreli gələcək planları barədə də danışıb: “Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın. Son günədək bütün diqqətimi “Nürnberq”ə yönəltmək mənim üçün vacib idi”.
Qeyd edək ki, mövsümün əvvəlində II Bundesliqa təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, “Nürnberq”in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb. Azərbaycanlı hücumçu ilə Bundesliqa təmsilçisi “Sankt Pauli”nin və “Kayzerslautern”in maraqlandığı deyilir.
"Cebheinfo.az"