Faizsiz kredit adı altında BAHALAŞMA

Faizsiz kredit adı altında BAHALAŞMA

Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 95 min 959 ədəd kondisioner idxal edilib və bir ədədinin orta gömrük dəyəri 428 manat olub.

Bu barədə "Yeni avaz" yazır.

2023-cü ildə idxal olunan bir ədəd kondisionerin orta gömrük dəyəri 562 manat olub. Bu isə o deməkdir ki, bu il idxal olunan kondisionerlərin orta gömrük dəyəri 24% ucuzlaşıb. Lakin pərakəndə ticarət müəssisələrində satılan kondisionerlərin bir ədədinin orta qiyməti 2,1% bahalanıb. Belə ki, 2023-cü ilin ilk yarısında kondisionerin bir ədədinin orta satış qiyməti 960 manat olduğu halda, hazırda bu məbləğ 980 manatdır.

Maraqlıdır, başqa ölkələrdə kondisonerin qiyməti ucuzlaşdığı halda bizim ölkədə baha olmasına səbəb nədir? 

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli “Cebhe.info”-ya açıqlamasında deyib ki, ölkəmizdə qiymətlərin formalaşdırılmasında ciddi problemlər var:

“Ölkəmizdə məhsullara təlabat artdıqca, qiymətləri də avtomotik olaraq artır. Eyni zamanda, qiymətlərin hesablanmasında ciddi problemlər var. Məntiqə uyğun olmayan hesablamalar aparılır. Bu kimi səbəblərdən bahalaşma artır və artmaqda davam edəcək”. 

İqtisadçı vurğulayıb ki, bahalaşmaya səbəblərdən biri tələbin yüksək, təklifin isə azlığı ola bilər:

“Ölkəmizdə kondisionerə olan tələbat əsasən idxal hesabına qarşılanır. Tələb artdıqca, qiymətlər də artacaq. Xüsusilə kreditlə satılan məhsulların qiyməti nisbətən baha olur. Kondisionerlərin əksəriyyəti də kredit hesabına satılır. Çünki nağd alışlar azdır. Kreditlə satılan məhsulların isə qiyməti bahadır”. 

O qeyd edib ki, faizsiz kredit kimi təklif olunan kondisionerlərin öncədən faizləri hesablanır, faizsiz kredit adı altında satışa çıxarılır:

“Bir çox iri ticarət mərkəzlərində kreditlərin faizləri hesablanır və məhsulun mövcud dəyərinin üzərinə toplanılır. Nəticədə kondisionerin qiyməti dəyərindən xeyli artıq qiymətə təklif olunur”. 

Həsən Məmmədov 
“Cebhe.info”