Milli Qurtuluşdan Şuşa Bəyannaməsinə gedən şərəfli tarix

Milli Qurtuluşdan Şuşa Bəyannaməsinə gedən şərəfli tarix

"15 iyun Azərbaycan xalqı və dövlətinin gələcəyi, inkişafı baxımından deyil, həm də qürur və şərəf tarixidir. Çünki 1993-cü il 15 iyun tarixi Azərbaycanın uğurlarının və qələbələrinin bünövrəsinin qoyulduğu tarixi bir gündür”.

Bunu "Cebhe.info"ya açıqlamasında Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.

Vitse-spikerin sözlərinə görə, məhz 15 iyundan sonra XX əsrdə ikinci dəfə müstəqilliyini bərpa edən Azərbaycanın  nəinki yenidən süqutundan, hətta siyasi xəritədən silinməsi təhlükəsindən xilas olaraq sürətli inkişaf yoluna qədəm qoyub dünyanın güclü, qüdrətli dövlətlərindən birinə çevrilməsinin bünövrəsinin qoyulduğu gündür:

“Bu gün tarixə nəzər salaraq əminliklə qeyd edə bilərik ki, 15 iyun Azərbaycan xalqını yeni-yeni qələbələrə, uğurlara götürən bir tarixdir. Azərbaycan xalqı dünyada azsaylı xalqlardan biridir ki, tarixin çox ağır sınaqlarından keçib məhv olma təhlükəsi ilə üzləşsə də, son anda özündə qətiyyət tapıb ciddi uğurlara imza atıb.

Son yüz illik tarixdə Azərbaycan xalqının yaşadığı məşəqqətlərə nəzər salmaq yetərlidir. XX əsrin əvvəlində Qafqazın türksüzləşdirilməsi siyasəti həyata keçirilən zaman Azərbaycan xalqı çox ciddi təhlükə ilə qarşılaşdı. 1918-ci ilin martında Azərbaycan xalqına qarşı başladılan soyqırım siyasəti bunun tərkib hissəsi idi. Xalqımız nəinki başladılan soyqırımı siyasətinə dirəniş göstərdi, hətta özündə qətiyyət tapıb məhv olmamaq, ayaq üstə dayanmaq üçün dövlətini qurmaq istiqamətində konkret addımlar atdı.

Çünki tarix bu məsələni daha kəskin şəkildə ortaya qoymuşdu. Ya  var olacaq, öz millətinə sahib olub müstəqil dövlətini quracaqsan, ya da başqa dövlətlərin müstəmləkəsinə çevrilib parçalanıb yox olacaqsan. Bu ağır həqiqəti dərk edən AXC liderləri tarixi missiyanı üzərinə götürərək türk və islam dünyasında ilk demokratik Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar.

1920-ci ildə bolşeviklər tərəfindən işğal edilsə də, Azərbaycan paytaxtı və ərazisi olan dövlət kimi SSRİ-nin tərkibinə daxil oldu. XX əsrin sonunda isə imkan yaranan kimi Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyini bərpa edən Azərbaycana qərbdən, şimaldan, cənubdan hücumlar başladı. 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi və yenidən siyasi xəritədən silinmə təhlükəsi ilə üz-üzə qaldı. Azərbaycanın belə bir ağır və məsuliyyətli dövründə Ümummilli Lider Heydər Əliyev bu ağır tarixi missiya və məsuliyyəti üzərinə götürərək dövləti, xalqı təhlükədən xilas etdi.

Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan gözlənilən təhlükələrdən xilas olaraq inkişaf yoluna qədəm qoydu. Ulu Öndərin dövründə Azərbaycanın dayanıqlı inkişafını təmin edən strategiyanın əsaslı bünövrəsi qoyuldu. Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində hələ XX əsrin əvvəlindəAXC-nin yarımçıq qalan işləri reallaşmağa başldı".

Vitse-spiker əlavə edib ki, Ulu Öndərin siyasi irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyev Heydər Əliyevin yarımçıq qalan planlarını uğurla davam etdirdi:

"Ölkə başçısının Azərbaycana rəhbərliyi dövlətimizin sıçrayışlı inkişaf dövrü oldu. Uğurlar və qələbələr bir-birini əvəz etdi. O yürütdüyü siyasətlə Ulu Öndər Heydər Əliyevin yarımçıq qalan işlərinə, o cümlədən Azərbaycanın üzləşdiyi işğal siyasətinə son verib ərazi bütövlüyü və suverenliyini təmin etdi.

Azərbaycan xalqına möhtəşəm bir qələbə sevincini yaşatdı. Azərbaycanı dünyada qalib dövlət etdi. Qələbələr və uğurlar bununla bitmədi, davam etdi və etməkdədir. Bunlardan biri də 3 il əvvəl 2021-ci ilin 15 iyununda Şuşada Azərbaycanla Türkiyə arasında imzalanan strateji müttəfiqlik haqqında bəyannamə oldu.

Bu, Azərbaycanın gələcək inkişaf tarixi, yaxud iki qardaş ölkə arasında deyil, bütövlükdə türk dünyasının gələcəyi və inteqrasiyası, bir güc mərkəzi kimi formalaşması baxımından çox mühüm  siyasi və tarixi əhəmiyyət kəsb edən  bir sənəddir. 

15 iyun 2021-ci ildəki Şuşa Bəyannaməsi ilə 4 iyun 1918-ci ildəki Batum sənədi və ya Qars müqaviləsi arasında müəyyən uyğunluq mövcuddur və bunları bir-birinin davamı olan sənəd  hesab etmək olar. Çünki bunlar Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə təminat verən sənəddir.

Şuşa Bəyannaməsi Azərbaycanın üzləşdiyi təhlükə zamanı qardaş Türkiyənin onun yanında olmasına birbaşa hüquqi imkan yaradır. Azərbaycana təhdid yaradan dövlət qarşısında həm də Türkiyəni görəcək. Şuşa Bəyannaməsi həm də Avrasiya regionunun gələcək taleyində vacib rol oynayacaq bir sənəddir.

Ona görə də, 15 iyun, həm Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdıb Milli Məclisin sədri seçilməsi, həm də 3 il bundan əvvəl bu tarixdə Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması baxımından Azərbaycan xalqı üçün ikiqat bayramdır. 

15 iyun bütün mənalarda Azərbaycan xalqının şərəf, iftixar, bir güvənlik tarixidir. Çünki 1993-cü ilin iyunun 15-də başlanan yol 15 iyun 2021-ci ildə Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması ilə nəticələnib".

"Cebhe.info"