Partiya sədri: "Əgər Paşinyan tələblərimizi qəbul etməsə, onda Qərbi Azərbaycana..."

Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən sərsəm fikirləri ilə diqqət mərkəzinə düşüb.
O, Qərbi Azərbaycanla bağlı reallığı əks etdirməyən sözlər deyib:
“Ermənistan Respublikasında “Qərbi Azərbaycan” yoxdur, ola da bilməz. Qərbi Azərbaycan Azərbaycanın qərb rayonlarıdır. Onun ərazisindən kənarda Qərbi Azərbaycan ola bilməz, bu cür müzakirələr bizim üçün qəbuledilməzdir”.
Göründüyü kimi, Paşinyan həqiqətləri təhrif edir.
Çünki faktiki olaraq Qərbi Azərbaycan mövcuddur. Üstəlik, 300 min Qərbi azərbaycanlının öz dədə-baba yurdlarından zorla didərgin salındığı faktdır. Azərbaycan isə hələ ki, məsələni hərbi yolla həll etməyi düşünmür. Ancaq hüquqi və humanizm baxımından, soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı mütləq həyata keçməlidir.
Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Nikol Paşinyan özünü tarixi və coğrafiyanı bilməyən adam kimi təqdim etməyə çalışır:
"Lakin əslində o da Qərbi Azərbaycanın olduğunu çox gözəl bilir. İndi Ermənistan adlanan ərazi bütövlükdə Qərbi Azərbaycan olub. Orada heç vaxt erməninin izi-tozu olmayıb. Paşinyan həmin ərazilərdə azərbaycanlıların yaşadığı, özlərinin isə gəlmə olduqlarını yaxşı bilir. Bütün bunlar tarixdə də öz əksini tapıb. O, ya daxili auditoriyaya işləməyə, ya da Azərbaycana qarşı hansısa tezisi gündəmə gətirməyə çalışır. Ermənistanın Baş naziri Qərbi Azərbaycan İcmasını qəbul etməli və onları dinləməlidir".
Partiya sədri diqqətə çatdırıb ki, Qərbi azərbaycanlılar çox yaxın tarixdə öz dədə-baba torpaqlarından zorla çıxarılıb:
"Bu, 200-300 il əvvəl olmayıb. Cəmi 30-40 il əvvəl 300 min Qərbi azərbaycanlı zorla öz torpağından çıxarılıb. Bu, hər kəsin gözünün qarşısında baş verib. Hətta soydaşlarımızı cinayətkarcasına çıxarıblar, 216 nəfəri xüsusi qəddarlıqla qətlə yetiriblər.
Əslində, bu, birbaşa soyqırımıdır və Ermənistan hakimiyyəti buna görə məsuliyyət daşıyır. Əgər Paşinyan və onun kimilər Ermənistanı 1918-ci ildəki Ararat Respublikasının və Sovet dövründəki hakimiyyətin varisi hesab edirlərsə, deməli, o cinayətin məsuliyyətini də daşıyırlar".
Siyasətçi qeyd edib ki, Paşinyan bu cür bəyanatlarla manevr etməyə çalışır:
"Bu, tamamilə yanlış mövqedir. Ermənistan hakimiyyəti Qərbi Azərbaycanın olduğunu da, orada yaşamış soydaşlarımızın haqqını da qəbul etməli, Qərbi azərbaycanlıların geri qaytarılması üçün şərait yaradılmalıdır. Azərbaycanın da mövqeyi bundan ibarətdir. Əgər buna əməl etməsələr, onda Qərbi azərbaycanlıların hüquqlarını başqa vasitələrlə təmin etmək məcburiyyətində qalacağıq".
Elmir Mustafa
“Cebheinfo.az”