Uşaqlar arasında hansı infeksion xəstəliklər yayılıb? - AÇIQLAMA

Uşaqlar arasında hansı infeksion xəstəliklər yayılıb? - AÇIQLAMA

Kanadanın bir sıra əyalətlərində əsasən uşaqlar arasında olan göyöskürək xəstəliyinə yoluxma hallarının əhəmiyyətli dərəcədə artımı qeydə alınıb.

Yerli mətbuatda yayılan məlumata görə, bu barədə "The Canadian Press" xəbər yayıb.

Belə ki, Kvebek əyalətində ilin əvvəlindən 11,6 mindən çox xəstəliyə yoluxma halı qeydə alınıb, halbuki 2015-2019-cu illərdə bu rəqəm orta hesabla ildə cəmi 562 hal olub.

Ontarioda ilin əvvəlindən bəri 470 nəfər göyöskürəyə yoluxub, halbuki son beş ildə orta hesabla ildə 100 halı keçməyib. 

Xəstəliyin artması Nyu-Brunsvik əyalətində də qeydə alınıb. Xəstəliyə yoluxanların əksəriyyəti 10-14 yaş arası uşaqlar, yeniyetmələrdir.

Maraqlıdır, Azərbaycanda göyöskürəyə yoluxma ilə bağlı vəziyyət necədir?

Məsələ ilə bağlı pediatr, həkim-allerqoloq Xəyalə Quliyeva "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycanda hazırda uşaqlar arasında geniş yayılmış xəstəliklər göyöskürək, skarlatina, suçiçəyi və rotavirus xəstəlikləridir:

"Ümumiyyətlə, göyöskürəyə daha çox körpə uşaqlarda (6 ay - 7 yaş) rast gəlinir. Bununla yanaşı, infeksiya ilə kontakt olduqda daha erkən vaxtlarda da rast gəlinir. 

İlk 6 aya qədər olan uşaqlar göyöskürəyi daha ağır keçirirlər, ona görə də bu kateqoriyadan uşaqlarda daha ciddi ağırlaşmalar baş verə bilər. Göyöskürək boğucu öskürəklə müşahidə olunur.

Həqiqi öskürək 4-6 aya qədər, yalançı göyöskürək isə 2 aya qədər davam edə bilir. Bu xəstəlik mütləq müalicə olunmalıdır, xəstəliyin müalicə vasitəsi isə antibiotiklərdir. Ümumilikdə isə xəstəliyin müalicəsi yoxdur, sadəcə ağırlaşmaların qarşısını almaq üçün tədbirlər görülür".

Pediatr qeyd edib ki, suçiçəyi virus infeksiyasıdır:

"Burada temperatur yüksək olur, uşaqda sulu səpkilər müşahidə olunur. Bu səpkilər əsasən başdan başlayır, daha sonra bütün bədənə yayılır. Bu səpkilərin müddəti adətən 3-7 gün olur. Xəstəlikdə əsasən əlamətlərə yönəlmiş müalicə edilir. Qeyd edim ki, suçiçəyi zamanı dəridəki səpgilərə “brilyant yaşılı" (“zelyonka”) və ya kalium-permanqanat məhlulu (“marqansovka”) sürtmək olmaz”.

Onun sözlərinə görə, koksaki virusu ((lat. Coxsackievirus) - mədə-bağırsaq yolunda çoxalan enteroviruslardan ibarət RNT serotipləridir) da geniş yayılmış xəstəliklərdəndir:

"Onun suçiçəyindən əsas fərqi səpkilərin əl, ayaq və ağız hissələrində olmasıdır. Bunun da müalicəsi əlamətlərə yönələrək aparılır. Digər yayılmış bir xəstəlik isə skarlatinadır.

Skarlatina bakteriyalı infeksiyadır, moruqşəkilli dil, alovlanan əsnək, səpkilər və temperaturla xarakterizə edilir. Xəstəlikdən sonra səpkilərdə soyulma baş verir. Bu xəstəliyin də müalicəsində antibiotiklərdən istifadə edilir".

Pediatr uşaqlarda aşkarlanan “Bağırsaq qripi” adlandırılan rotavirus infeksiyası barədə isə bildirib ki, bu zaman uşaqlarda daha çox qusma, ishal və temperatur müşahidə olunur:

“Xəstəliyin müalicəsi mütləq şəkildə həkim nəzarətində aparılmalıdır. Burada müalicə əlamətə görə aparılır, eyni zamanda bədəbi susuzlaşmaqdan qorumaq üçün sistemlərdən istifadə edilir. Xəstəlik zamanı 3-7 gün pəhriz təyin olunur. Rotavirus yoluxucudur, xəstəliyin peyvəndi isə 2 aylıqda bəzi özəl müəssisələrdə vurulur".

Ləman İsmayıl
"Cebheinfo.az"