Atalı-analı kimsəsizlər....

Atalı-analı kimsəsizlər....

“İnsan cəmiyyəti formalaşarkən ailə təməlini əsas götürərək inkişaf edir. Yəni, ailə- ata, ana və uşaqlardan formalaşır. Təsadüfi deyil ki, ailə kiçik dövlət də adlandırılır”. 

Bu sözləri Azad Vətən Partiyası sədrinin Hüquq və İnsan Haqları üzrə müavini Tacəddin Əyyubov “Cümhuriyət”-ə açıqlamasında deyib.

O bildirib ki, ailədə münasibətlər normal olduqda xoşbəxt və firavan  həyat yaşayabilən uşaqlar, anlaşılmazlıqlarda isə təlatümlü həyat yaşamağa məcbur buraxılırlar: 

“Ər və arvad arasında yaranmış gərginliklər “kiçik dövlətin” parçalanmasına səbəb olduğu kimi uşaqların ata-ana məhəbbətindən uzaq böyüməsinə gətirib çıxarır. Nəticədə, kimsəsiz uşaqlar termini tək sözdə deyil, real insan həyatında yaşanılır. Kimsəsiz uşaqlar tək ailə münasibətlərinin pozulması ilə deyil, digər səbəblərdən də mövcud ola bilir. 

Buraya nigahdan kənar evlilik nəticəsində atılaraq uşaqlar evində böyüməyə məcbur qalan minlərlə günahsız uşaqlar da daxildir. Kimsəsiz uşaqlar cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, dövlət onların qayğısına qalaraq təlim, tərbiyə və təhsil almaları ilə yanaşı, cəmiyyətə adaptasiya olunmaları üçün də bir sıra proqramlar həyata keçirir”. 

Dünyada ilk kimsəsiz uşaqlar evi

Həmsöhbətimiz qeyd edib ki, dünyada ilk kimsəsiz uşaqlar evi 1434-cü ildə Xorvatiyanın Dubrovnik şəhərində Kler monastırının bir hissəsi olaraq inşa edilib:

“Kimsəsiz uşaqlar evi daha sonra 1729-cu ildə Amerika Birləşmiş Ştatlarının Missisipi ştatının Natchez şəhərində yaradılıb.  Azərbaycanda ilk kimsəsiz uşaqlar evi isə 1910-cu ildə neft miyonçuları olmaqla yanaşı xeyriyyə işlərində böyük işlər görmüş Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev başda olmaqla digər vətənsevər insanların təşəbbüsü və maliyyə vəsaitləri hesabına yaradılıb. Kimsəsiz uşaqlara qayğı Azərbaycan Xalq Cümhuriyyəti dövründə və Sovet hakimiyyəti dövründə də davam edib. 

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra uşaq hüquqlarının qorunması barədə 1992-ci ildə ratifikasiya etdiyi konvensiya əsasında uşaq hüquqlarını beynəlxalq hüquqa əsaslanan tələblər əsasında qorumaqdadır. Konvensiyadan irəli gələn vəzifələri həyata keçirmək üçün uşaq hüquqları ilə bağlı müxtəlif qanunlar, Prezident fərmanları və Nazirlər Kabinetinin qərarları qəbul edilib. Həmin sənədə əsasən, ailədə böyümək hər bir uşağın hüququdur.

Ailə isə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir. Konvensiyanın tələblərinə əsasən dövlət uşaq münasibətlərindən uşaqların bioloji və digər alternativ ailələrə verilməsi, onların hüquqlarının qorunması daim diqqət mərkəzində olmalı, uşaqları qəbul edən ailələrə sosial yardım edilməlidir”. 

50 mindən çox sahibsiz uşaq var

T.Əyyubov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında dövlət uşaq müəsisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı dövlət proqramı 2006-cı ilin 29 martında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilib: 

“Proqram De-institusonalizasiya ilə bağlı işlərin genişləndirilməsi, səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticə əldə edilməsinə yönəldilib. Uşaqların hüquqlarının qorunması bütün dünyada müqəddəs vəzifə sayılır. 20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya uşaqlarla bağlı əsas beynəlxalq sənəd hesab olunur. 

Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi Konstitusiya, qanunverici və normativ hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd “Uşaq hüquqları haqqında” Qanundur. Qanun uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir”. 

Onun sözlərinə görə, hazırda ölkəmizdə 1,5 milyondan artıq uşaq var: 

“Qeyri-rəsmi məlumata əsasən isə, 50 mindən çox sahibsiz uşaq var. Son illərdə görülən tədbirlər nəticəsində onların təxminən yarısı uşaq evlərinə və internatlara verilib. Bununla bərabər, küçədə yaşayan uşaqlar da var.

Onlar müxtəlif işlərlə məşğul olur - səyyar satış, təmizlik işləri, kuryer və s. işlər görürlər. Bu problem hələ də tam həll olunmadığından, ciddi tədbirlərə ehtiyac var.  Demək olar ki, dünyanın hər bir ölkəsində uşaq evləri var. Bu internatlardavalideyn qayğısından uzaq, tənha və sahibsiz körpə və yeniyetmələr tərbiyə alır. Əfsuslar olsun ki, dünyada öz uşaqlarını atan, ondan imtina edən insanlar da var. 

Halbuki dünyada və ölkəmizdə övladsız olan, həyatı boyunca övlad sevgisi ilə alışıb-yanan valideynlər də var. Doğrudur, bəzi uşaqlar kimsəsizlər evinə hər hansı qəza nəticəsində valideynlərini itirdiyi üçün düşürlər, amma bu göstərici o qədər də deyil. 

İnternatlarda məskunlaşan uşaqların çox hissəsi valideynləri tərəfindən bilərəkdən atılmışlardır. Fərqi yoxdur, istəyərək və ya istəməyərək, valideynlər öz uşaqlarını günü bu gün də internata verməkdə davam edirlər. Səbəblər isə müxtəlifdir”. 

Ailə uşağı niyə internata qoyur?

Müsahibimiz söyləyib ki, internatlarda əvvəllər atasız-anasız, kimsəsiz uşaqlar yaşayırdısa, indi atalı-analı uşaqlar əksəriyyət təşkil edir: 

“Bəzi valideynlər bunu yoxsulluqla, bəzi valideynlər də tərbiyə etmək çətinliyi ilə əlaqələndirirlər. Maddi vəziyyətin çətinliyindən bu xoş olmayan addımı atanlar da az deyil. Bununla belə, internata verilən uşaqlar sırasında davranışı pozulan və valideyni öhdəsindən gələ bilməyənlər də olur. 

Elə valideynlər də var ki, uşağı onlara verməkdənsə, elə internatda saxlamaq daha düzgündür. Yəni, araşdırmalardan sonra bəlli olur ki, həmin ailə uşaq tərbiyə etmək qabiliyyətində deyil. Belə hallarda məhkəmə yolu ilə həmin valideynlər ata-analıq hüququndan məhrum edilirlər. Elə bunların nəticəsidir ki, internatda yaşayan uşaqların sayı ilbəil durmadan artır. 

Statistik məlumatlara görə, hər il internat sakinlərinin sayında öncəki illərdən fərqli olaraq artım olur. Kimsəsiz uşaqları övladlığa götürmək istəyən ailələr olsa da, onların sayı çox azdır. Bundan başqa, övladlığa götürmə şərtləri çox və çətin olduğundan bəzi uşaqsız ailələrin bu istəyi reallaşmır. Ölkəmizdə haqlı olaraq xarici vətəndaşlara övladlığa uşaq verilməsi qadağan olunub. Yəqin ki, bunun səbəbi əcnəbilərin uşaqları övladlığa götürərək istismara məruz qoymasıdır”. 

Küçədə böyüməkdənsə...

Partiya funksioneri onu da əlavə edib ki, belə faktlar dünya praktikasında mövcuddur: 

“Əksər rəy bu olur ki, internat həyatı azyaşlıların psixologiyasına mənfi təsir edir. Bu səbəbdən onların ailələrə verilməsini vacib hesab edilir. Uşaqların internatlarda yaşaması onları qeyri-təbii vəziyyətdə böyümək məcburiyyətində qoyur. Nəticədə, uşaqların həyata baxışlarında, xarakterlərində mənfi xüsusiyyətlər özünü büruzə verir. Belə ki, bu uşaqlar adi ailələrdə yaşayanlardan fərqli olaraq daha tez konfliktlərə qoşulur, pis vərdişlərə daha tez meyillənir, rəhmsiz olurlar. 

Bu uşaqlara həyatın çətin anlarında dayaq olan, məsləhət verən doğma valideynlərinin olmaması onların hər hansı bir həyati qərarı öz düşüncə tərzi ilə qəbul etməsinə səbəb olur. Adətən, belə uşaqlar özlərini tək hiss edir, yalnız özlərinə güvənməyə çalışır, bütün problemlərinin həllinə özləri cəhd göstərirlər. Bu da səhv yola düşmələrinə gətirib çıxarır”. 

Lakin Tacəddin Əyyubov vurğulayıb ki, uşaqların küçədə böyüməsindənsə internatda tərbiyə almaları daha məqsədəuyğundur:

“İnternatda təhsil, tibbi xidmət, yeməklə təminat və tərbiyə var. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, qanunların və uşaqların haqlarının pozulduğu internat evlərinin də mövcudluğu bilinməkdədir. 

Bir sıra dövlətlər internat məktəblərinin ləğv ediməsinin vacibliyini düşünərək müxtəlif proqramlar həyata keçirərək internat məktəblərinin sayını azaldırlar. Azərbaycan dövləti də bu istiqamətdə addımlar atır. Son dövrlərdə internatların ləğvi, internatlardakı uşaqların ailələrə verilməsi ilə bağlı proqramlar həyata keçirilir. İnternatlara külli miqdarda maliyyə tələb olunur. 

Ancaq dövlət uşaqları ailələrə verərsə, həmin ailələrə müəyyən məbləğ ödənilər və nəticədə həmin uşaqlara ailələrdə daha yaxşı tərbiyə verilə bilər. Bu proqramların tətbiqi uşaq evlərinin bağlanılması kimi qiymətləndirilməməlidir.  Əksinə, uşaqevlərindəki uşaqların problemlərinin həlli düşünülməkdədir. Problemlər həll ediləndən sonra uşaq evlərinin bağlanılması tədricən, mərhələlərlə baş tuta bilər. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi düşünmək isə hər bir vicdanlı insanın borcudur”. 

Aslan 
"Cebheinfo.az"