Süni intellektin daha bir təhlükəsi: İT mütəxəssisləri...

"Microsoft" şirkəti autizm və dağınıq skleroz diaqnozu olan, 25 ildir şirkətdə çalışan İT mütəxəssisini süni intellektin tövsiyəsi ilə işdən azad edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə proqramçının həyat yoldaşı "Reddit" platformasında paylaşım edib.
“Yoldaşım "Microsoft"-da 25 il işləyib. Onu təsadüfən, kompüter alqoritminin nəticəsinə əsasən işdən çıxarıblar. Sonuncu iş günü bu cümə gününə təsadüf edir, həmin gün onun 48 yaşı tamam olur”, - deyə qadın bildirib.
Proqramçının səhhətindəki çətinliklərə baxmayaraq, o, illər ərzində öz işində yüksək peşəkarlıq və məsuliyyət göstərib.İş günlərini buraxmayıb, nadir hallarda xəstəlik məzuniyyəti götürüb, bayram günlərində həmkarlarını əvəzləyib və əlavə öhdəliklər daşıyıb.
Onun sözlərinə görə, 25 illik fəaliyyəti dövründə o, milyonlarla dollar dəyərində proqram səhvlərini aradan qaldırdığı üçün korporativ mükafatlara layiq görülüb, yüzlərlə gənc mütəxəssisə mentorluq edib və onların çoxu sonradan rəhbər vəzifələrə yüksəlib.
Bu hadisə, xüsusilə kadr məsələlərində avtomatlaşdırılmış qərarların tətbiqi fonunda ictimaiyyətdə geniş rezonansa səbəb olub.
Forum istifadəçiləri belə sistemlərin yaşlı əməkdaşlara və sağlamlıq problemi olan insanlara mənfi təsir göstərə biləcəyindən narahatlıqlarını ifadə ediblər.
Bəzi şərhçilər proqramçının işdən çıxarılmasının səbəbinin onun maaş və tibbi sığorta xərclərinin yüksək olması ilə bağlı ola biləcəyini qeyd ediblər.
Səbinə Uğur
"Cebheinfo.az"