Azərbaycan stadionlarında futbolçulara HÖRMƏTSİZLİK

“Təəssüf ki, Azərbaycan stadionlarının əksəriyyətində hələ də ən keyfiyyətsiz və ən ucuz qazonlardan daha çox istifadə olunur”.
Bu sözləri “Sportinfo TV” və “CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, futbolumuzdakı qarmaqarışıqlıq buna səbəb olur:
“Bəlkə də təbii ot örtüyü üçün müəyyən vəsaitlər ayrılıb, amma bunu sonradan süni qazonla əvəz edərək pulları mənimsəyiblər. Son dövrlərdə Qurban Qurbanov və Rəşad Sadıqov kimi baş məşqçilər stadionların ot örtüyü ilə bağlı kəskin etirazlarını səsləndirirlər.
Ümumiyyətlə, süni qazonları yığışdırmaq lazımdır. Çünki bu, futbolçuların tez-tez zədələnməsinə səbəb olur. Həmçinin, süni qazonlarda günorta saatlarında, xüsusilə isti havalarda futbol oynamaq çətinliklər yaradır. Həmin süni qazon futbolçuların sağlamlığına da mənfi təsir edir”.
Ekspert vurğulayıb ki, süni qazon keyfiyyətli futbolun da qarşısını alır:
“Nəzərə almaq lazımdır ki, təbii örtükdə sürətli oyun gedir, verilən ötürmələr dəqiq alınır. Bu isə istər-istəməz futbolun keyfiyyətini artırır. Futbolçunun da daha fərqli formada oyuna motivasiyası yüksəlir. Lakin Azərbaycanda Premyer Liqaya yüksələn komandaların əksəriyyəti stadionlarının ot örtüklərini süni qazonlarla əvəz etmək istəyirlər.
Çünki onların stadionu demək olar ki, palçıq içərisində olur. Aşağı liqalarda mübarizə aparan komandalarımızın əksəriyyətinin stadionu çox bərbad vəziyyətdədir. Ən azından, ot örtüyünü dəyişməklə Premyer Liqada ev oyunlarını öz doğma şəhərlərində keçirmək istəyirlər. Lakin AFFA rəhbərliyi buna etirazla yanaşır. Çünki bəzi komandalar həmin səfərlərə gedəndə futbolçuları zədələnirlər”.
Mütəxəssisin sözlərinə görə, təbii qazonu salmaq və illik ona nəzarət edən şəxslərlə bərabər toplamda 200 min manat tələb olunur:
“AFFA tərəfindən Premyer Liqa klublarına illik 2,5 milyon pul ayrılır. Oradan 200 min manatı təbii ot örtüklü stadion üçün xərcləmək olar. Məsələn, “Qəbələ”nin stadionunda təbii ot örütüyündən istifadə olunur. Çox da gözəl görünür. Qazona yaxşı baxanda öz keyfiyyətini heç vaxt itirmir.
Cəmi 200 min manat lazımdır. Bu da klublar üçün heç nədir. Sadəcə klub rəhbərliyi bunda istəkli olmalıdır. Az pul vermək üçün gedib 30-40 min manata süni qazon salırlar. Nəticədə, həm futbolun keyfiyyəti aşağı düşür, həm də futbolçunun zədə riskini yüksəldir. Bu da “Qarabağ”, “Neftçi” və “Zirə” kimi daha yaxşı futbolçuları olan komandaların məşqçilərini və legioner oyunçularını narahat edir. Çünki zədə riski çox yüksəkdir”.
Elçin Cəfərov stadionların ot örtüyünün rənglənməsinə də etiraz edib:
“Əfsuslar olsun ki, bəzi stadionlarımızın ot örtüyünü rəngləyirlər. Lakin bu hal qəbuledilməzdir. Çünki otların rənglənməsi kimyəvi cəhətdən çox zərərlidir. Bu, futbolçulara çox ciddi şəkildə problem yarada bilər. Düşünürəm ki, qazonu rəngləmək simiclikdir. Bu, həm futbol izləyicilərinə və futbolçulara hörmətsizlik, həm də azarkeşləri aldatmaqdır”.
Elmir Mustafa
“Cebheinfo.az”