Rusiya Ukraynaya silah yardımlarını izləmək üçün görün nə edib

Rusiyaya bağlı haker qruplarının Ukraynaya hərbi yardımı izləmək üçün hərtərəfli kiber əməliyyat keçirdikləri iddia edilib.
"Cebheinfo.az" xəbər verir ki, Britaniya kəşfiyyat mənbələri hərbi obyektlərin və qatar stansiyalarının ətrafında yerləşdirilən təxminən 10 000 təhlükəsizlik kamera sisteminin məlumat toplamaq üçün rus haker qrupları tərəfindən oğurlandığını iddia edib.
Ruslar tərəfindən ələ keçirilən kameraların 80 %-i Ukraynada, 10 %-i Rumıniyada, 4 %-i Polşada, 2,8 %-i Macarıstanda, 1,7 %-i Slovakiyada yerləşir.ABŞ-nin Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) Rusiyanın hərbi kəşfiyyat bölməsi QRU-nun 85-ci Əsas Mərkəzinin Qərb logistika və nəqliyyat şirkətlərinə kiberhücumların arxasında olduğunu iddia edib.
“APT28”, “Fancy Bear”, “Forest Blizzard” və “BlueDelta” kimi adlarla tanınan haker qrupunun Ukraynaya silah və material daşınmasını izləmək üçün sistemlərə sızdığı bildirilir.
Bildirilib ki, hücumlar hərbi-sənaye kompleksi şirkətləri və informasiya texnologiyaları, dəniz və hava nəqliyyatı sektorlarında fəaliyyət göstərən şirkətləri hədəf alıb.Həmçinin Ukrayna ilə NATO ölkələri arasında sərhəd bölgələrində kamera sistemlərinin sındırıldığı iddia edilib.
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və Avstraliya, Böyük Britaniya, Almaniya, Kanada, Niderland, Polşa, Ukrayna, Fransa, Çexiya və Estoniyanın kəşfiyyat bölmələri kiberhücumların mənbəyini müəyyən etmək üçün birgə araşdırma aparır.
Mütəxəssislər vurğulayırlar ki, bu cür kiber əməliyyatlar müharibənin rəqəmsal cəbhəsində yeni mərhələdir və hərbi logistik mobilliyin izlənməsi münaqişələrin gedişatına təsir edə bilər.
Qeyd olunur ki, Rusiya kiberhücumlardan Ukraynaya hərbi yardımı kəsmək və ya ləngitmək üçün strategiya kimi istifadə edir.
Nigar Hacılı
"Cebheinfo.az"